2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edilib.
Bu günlərdə də polis əməkdaşlarının vətəndaşlara diqqət və qayğısı yenə diqqətlərdən yayınmadı. Bunlardan bir neçəsini təqdim edirik.
Iyunun 6-da Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaralı qadına ərazidə xidmət aparan Xəzər RPİ Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ilkin təcili yardım müdaxiləsi göstərilməklə xəstəxanaya çatdırılıb.
Qadın mətbəxtdə qab yuyarkən sınan şüşə onun qoluna bataraq, damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.
Hazırda onun vəziyyəti yaxşıdır.
Iyunun 7-də isə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.
Dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə çörəklə təmin olunub. Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.
Bu gün həmçinin, Xətai rayonunda hamilə qadına ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən köməklik göstərilməklə onun vaxtında xəstəxanaya çatdırılması təmin edilib.
Qadının həyat yoldaşı əvvəlcə ərazidə xidmət aparan polislərə bu barədə məlumat verib. Dərhal polislər xidməti avtomobillə qadını və onun həyat yoldaşını xəstəxanaya aparıblar. Hal-hazırda ananın vəziyyəti yaxşıdır.
Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.