07/07/2020 01:16
728 x 90

Azərbaycanda koronavirus ən çox ictimai nəqliyyatda yayılır - nə etməli…

Yasin Mustafayev: “İctimai nəqliyyatda məsafəni gözləməmək, sıxlıq yaratmaq, maska taxmamaq, dezinfeksiya vasitələrindən istifadə etməmək virusun daha çox yayılmasına və təhlükənin gec sovuşmasına səbəb olur”

img

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə həyata keçirilən silsilə tədbirlər davam etdirilir. Tətbiq edilən izolyasiya qaydaları içərisində xüsusi vurğulanan məqamlardan biri tibbi maskalardan istifadənin vacibliyidir.

Xüsusən virusun yayılma ehtimalının daha böyük olduğu ictimai nəqliyyat vasitələrində maskalardan istifadə məcburi elan edilib. Elə bu səbəbdən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılır. Tətbiq edilən sərt qaydalara baxmayaraq, hələ də bəzi sərnişinlərin maska taxmaqdan boyun qaçırmağa meylli olduqlarının şahidi oluruq.

Ekspertlər bildirirlər ki, koronavirus ən çox qapalı məkanlarda yayılır. Qapalı məkanlar sırasına ictimai nəqliyyat da aid edilir. İctimai nəqliyyatda koronavirusun yayılmasının qarşısını almaq üçün sosial məsafəyə necə riayət edilməlidir?

Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirdi ki, ictimai nəqliyyatda izolyasiya qaydalarına ciddi əməl etməyimiz virus təhlükəsinin daha tez aradan qalxmasına səbəb olar: "Ölkədə tətbiq olunan izolyasiya qaydaları insanlarımızın sağlamlığı üçündür. Bu qaydalara nə qədər ciddi şəkildə əməl olunarsa, biz koronavirus adlı bəladan daha tez yaxa qurtara bilərik. Hər kəs öz üzərində məsuliyyət hiss edərək qaydalara qeyri-şərtsiz əməl etməlidir. Əməl etməkdicə, yoluxma davam edəcək.

Virusun yayılması əsasən insanlar arasında təmas vasitəsilə və ara məsafəsini gözləməməkdən baş verir. Xüsusən ictimai nəqliyyatda məsafəni gözləməmək, sıxlıq yaratmaq, maska taxmamaq, dezinfeksiya vasitələrindən istifadə etməmək virusun daha çox yayılmasına və təhlükənin gec sovuşmasına səbəb olur. İnsanlarımızın tətbiq olunan qaydalara riayət etməməsi virusa yoluxma sayında yenidən artımlara səbəb oldu. Buna görə də biz bir daha məsuliyyətli olmalıyıq. Burada ilk məsələ maskalardan istifadə etməkdir. Artıq qanunla da maskadan istifadə etməməyə görə cərimə tətbiq edilir. İkinci məsələ avtobuslarda ara məsafəsinin qorunmasıdır. Maska taxılıbsa, təqribən 1,5 metr ara məsafəsi saxlanmalıdır. Nəzərə almalıyıq ki, bir nəfərin məsuliyyətsizliyi hamını əziyyətə salır”.

Günel CƏLİLOVA

 

Son xəbərlər