Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, karantinlə bağlı qadağaların bəzi kəndləri də əhatə edəcəyi gözlənilir: “Bu dəfə məhdudiyyətlərin tətbiqi birinci klastrda, yəni narıncı sahədə nəzərdə tutulur. Növbəti həftə ərzində məhdudlaşmaya bütün ölkə ərazisi daxil edilə bilər. Hazırda bu məsələ müzakirə mərhələsindədir. Bu yenə də epidemioloji vəziyyətdən və bölgələrimizdə insanların qaydalara əməl etməsindən asılıdır”.
R.Bayramlı qeyd edib ki, böyük şəhərlərlə yanaşı, bir sıra kəndlərdə vəziyyət narıncı sahənin epidemioloji göstəricilərinə uyğun olsa, həmin kəndlərdə də məhdudiyyət tətbiq olunacaq: “Bütöv rayon olmasa da, kəndlərdə həftə sonları çölə çıxmağın tam qadağan olunması tətbiq oluna bilər. Qeyd edim ki, bir neçə gündür bəzi kəndlərimizə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə belə giriş-çıxış dayandırılıb. Beynəlxalq təcrübədə də bundan dəfələrlə istifadə olunub. Orada testi pozitiv çıxan şəxslərin müayinələri aparılıb, müvafiq xəstəxanalara yerləşdirilib. Neqativ olan şəxslər isə müvafiq olaraq karantin rejimində saxlanılırlar”.
Görünən odur ki, Azərbaycanda koronavirusa yoluxma və ölənlərin sayında baş verən artımlar müvafiq qurumları bu barədə daha sərt addımlar atmağa vadar edib. Bu məsələdə vətəndaş məsuliyyəti əsas məqamdır. Təəssüf ki, insanlarımızın əksəriyəti bunu dərk etmir və ya dərk etmək istəmir.
Bütövlükdə bir sıra kəndlərdə də məhdudiyyətlərin tətbiqinə ekspertlər necə baxır?
“Ona görə də bəzi kəndlərdə məhdudiyyətlərin tətbiq olunması doğru qərardır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, müəyyən məsələlər hökuməti bəzi addımlar atmağa vadar edir: “Məsələ ondadır ki, son vaxtlar virusa yoluxanların sayı artıb. Əhali qaydalara əməl etmir. Nəticədə həm özlərinin, həm də digərlərinin həyatını təhlükəyə atırlar. Bu da öz növbəsində sanitar-epidemioloji vəziyyəti çətinləşdirir. Hökumət əhalini qorumaqdan ötrü bu cür addımlar atır. Virusdan ölkənin heç bir ərazisi tam sığortalanmayıb. Elə rayonlar var ki, orada kəndlərdə gediş-gəliş intensivdir və virusun yayılması halları var. Ona görə də bəzi kəndlərdə məhdudiyyətlərin tətbiq olunması doğru qərardır. Pandemiya səngiyənə qədər bənzər addımların atılması davamlı ola bilər. Nəzərə almaq lazımdır ki, virus baxmır bu kənddir, yoxsa şəhər”.
Vidadi ORDAHALLI