Uşaq Psixologiya Mərkəzində koronavirus? – Qadın valideyn “Narınc”a qarşı iddialıdır

Mətbuatda yayılan xəbərə görə, koronavirus testi pozitiv çıxan bir qadın virusa “Narınc” Uşaq Psixologiya Mərkəzinin “Gənclik” filialında yoluxduğunu deyib.
Son 25 gündə şəxsi avtomobili ilə yalnız mərkəzə gedib-gələn, oradan başqa heç bir yerə getmədiyini deyən xanım, mərkəzdə pandemiya ilə bağlı nəzarətsizlik və şəraitsizliyin olduğunu bildirib: “Mənə deyirlər, “siz ayrı yerdə də yoluxa bilərsiniz”. Necə ola bilər? Hansı yerdə? Öz maşınımla həftənin 6 günü bu mərkəzə gedib-gəlmişəm. Anam-atam yaşlı insanlardır, onların evinə gedib-gəlmirdim, qorxurdum. Onlar sağlamdır, bircə mən virusa yoluxmuşam”.
Virusa yoluxan qadın iddia edir ki, mərkəzdə sanitar qaydalara əməl olunmur: “Uşaqlarını gözləyən valideynlər maskasız, sosial məsafəni gözləmədən toplaşırlar. Heç kimdən maska tələb olunmur. Qapıda hərarəti ölçən, əlləri dezinfeksiya edən işçi yoxdur. Övladımı orada masaj etdirirdim. Masaj otağı havasız, pəncərəsizdir, havalandırma sistemi işləmir.
Yaxşı olar ki, mərkəzi bağlayıb dezinfeksiya etsinlər. Gərək oraya gələnlərin yarısı yoluxsun? Bizə deyirlər, “şikayət etməyin, bura xəstə uşaqlar gəlir, mərkəzi bağlayarlar, günah olar”. Bəs bu qədər uşağın, ananın ağır koronavirusla can çəkişməsi günah deyil? Mən elə o uşaqların ailəsini düşünüb bunu ictimaiyyətləşdirirəm. Mən yaşadım, siz yaşamayın. Bu, çox ağır xəstəlikdir”.
Məsələ ilə bağlı “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova ilə əlaqə saxladıq. O bu haqda danışmaq istəmədiyini bildirdi: “Bu haqda danışmağa lüzum görmürəm. Əks halda, özüm səhifəmizdən açıqlama yazardım.
Hazırda işdəyəm. Rəhbərlik etdiyim mərkəz tanınan yerdir və belə bir problem olsa, yoxlama aparılardı”.
Günel CƏLİLOVA