Lerikin hələ də işığa həsrət kəndləri... Sakinlər azğın məmurların “çırağının sönəcəyi” günü gözləyir...

Dövlət başçısının bütün səmərəli fəaliyyəti yalnız Azərbaycan vətəndaşının xoş, firavan həyatına hesablanır. O, yorulmadan çalışır ki, heç bir sosial problem insanları narahat etməsin. Odur ki, xalq Prezidentini sevir, ona ürəkdən inanır, hər işdə öz etibarlı rəhbərinə dayaq durur.
Amma təəssüf ki, respublikada ölkənin tərəqqisini ciblərinə qurban verən məmurlar da çoxdur. Elə dağlar diyarı Lerik rayonunda da başda duran məmurlar xalqı çoxdan unudublar. İndiyə qədər olmayıb ki, icra başçısı durub insanların sadə bir probleminə əncam çəksin. Bunun nəticəsidir ki, Lerik kəndlisi ağır günlər yaşayır. Hətta torpağını əkib-becərməyə. texnika bir yana qalsın, öküz belə tapa bilmir...
Lerikin çox kəndində günlərlə işıq olmur. Bir balaca külək əsəndə, yaxud yağış yağanda həftələrlə işıqlar kəsilir. Kəndlərin içində çürümüş elektrik dirəkləri, sallanmış məftillər hər an insan həyatı üçün təhlükəlidir. Rayonun Hamarat kəndi ərazisində bu sırada vəziyyət daha ağırdır. Kəndlərdə işıqların tez-tez sönməsi, rayonun icra başçısı başda olmaqla, bu işə məhsul bütün şəxslərə məlumdur. Amma sıradan bir problemin aradan qaldırmasına səy göstərilmir.
Bununla belə, Lerikin sadə camaatı inanır ki, bir gün ölkə başçısı rayondakı rüşvətxor məmurların da “çırağını söndürüb”, qaranlıq girdabına düşən kəndləri işıqlı günə çıxaracaq.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü