12/07/2020 04:11
728 x 90

Özündə və ya ailə üzvlərində koronavirusun olduğunu gizlədən abituriyentlərin imtahan nəticələri ləğv edilə bilər

img

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarının öz sağlamlıqları haqqında bəyannaməni hansı formada əldə edəcəklərini açıqlayıb.

Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə Trend-ə bildirib ki, abituriyentlər bəyannaməni elektron qaydada əldə edəcəklər. Abituriyentlər imtahanda iştirak üçün “İmtahana buraxılış vərəqəsi”ni əldə edərkən bəyannaməni də çap edə biləcəklər. Bəyannamədə imtahan iştirakçısının adı, familiyası, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd ediləcək:

“Abituriyent həmin bəyannaməni imzalamaqla təsdiq edəcək ki, son 15 gün ərzində onun özündə və ailə üzvləri arasında koronavirusa yoluxma halı qeydə alınmayıb, koronavirusa yoluxmuş heç bir şəxslə təmasda olmayıb, imtahana gələrkən bədən temperaturu 37 dərəcədən aşağı olub, tənəffüs yollarının kəskin infeksiyası simptomları mövcud olmayıb”.

X.Xanlarzadə əlavə edib ki, imtahan iştirakçısı bəyannamədəki məlumatların tam və düzgün göstərilməsinə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyacaq.

DİM rəsmisi bildirib ki, əgər abituriyentin özündə və ya ailə üzvlərində koronavirus olarsa və o, bu məlumatı qəsdən gizlədərsə, bu zaman abituriyentin imtahan nəticələri ləğv edilə bilər.

Bəyannamədə abituriyentə yanlış məlumatların verilməsinin imtahan nəticələrinin ləğvinə səbəb ola biləcəyi barədə məlumat verilir. Buna görə də abituriyent öz məsuliyyətini dərk edərək bəyannaməni təsdiq etməlidir.

X.Xanlarzadə onu da əlavə edib ki, hər imtahan günündən 5 gün əvvəl DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkün olacaq. Abituriyentlər həmin vərəqəni çap edərkən bəyannaməni də çap edə biləcəklər.

Son xəbərlər