Maska taxmamağa görə 200 manat cərimə - məsuliyyətli insanlar yüksək məbləği zəruri sayır…

Bütün dünyanı əhatə edən koronavirus pandemiyası bir çox ölkələrin tətbiq etdiyi sərt karantin tədbirləri nəticəsində bir qədər səngiyib. Virusun yayılmasının qarşısının alındığını söyləmək hələ çox tez olsa da, artıq bir çox ölkələrdə sərt karantin tədbirləri qismən yumşaldılmağa başlanıb.
Amma karantini yumşaldan ölkələrin çoxu vətəndaşların qarşısına bəzi vacib şərtlər də qoyur.
Ölkələr iş yerlərinin, ictimai-iaşə obyektlərinin açılması müqabilində vətəndaşlardan sosial məsafəni qorunmağı, evindən çıxan hər bir şəxsin mütləq şəkildə maska taxmağı tələb edir.
Azərbaycan da karantin rejimini yumşaldan ölkələr arasındadır. Amma nədənsə, azacıq azadlıq alan insanlar küçələrə axışan zaman sosial məsafə saxlamır, qoruyucu maskalardan istifadə etmir. Nəticədə isə son günlər virusa yoluxanların sayı artır. Qoruyucu maskalardan hər kəsin istifadə etməsi üçün bu sahədə sərt qaydalar tətdbiq edilməyə başladı. Belə ki, qapalı məkanlarda tibb maska taxmayanlar cərimələnəcək. Maska taxmamağa görə tətbiq olunacaq cərimınin məbləği də açıqlanıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Ekspertlərdə tibbi maska taxmayan şəxslərin cərimələnməsinin tərəfdarıdır.
- “Gigiyena qaydalarına əməl etməyən, maskadan istifadə etməyən adamların sadəcə öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır”
Həkim ekspert Rasif Bağırov bildirdi ki, maska taxılması məcburi olmalıdır. Bu gün bir çox ölkələr karantin rejimini yumşaldarkən insanların qarşısına məcbiri maska taxmaq tələbini qoyur: “Məsələn, Almaniyada da bu təcrübəni görə bilərik. Azərbaycanda insanlar sosial məsafəni gözləmədikləri üçün maska taxmaq zəruri olmalıdır. Ünsiyyət zaman hava vasitəsilə yoluxmanın qarşısının alınmasında maska önəmlidir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırkı durumda isə maskanın taxılması və sosial məsafənin qorunması vacib şərtdir: “Gigiyena qaydalarına əməl etməyən, maskadan istifadə etməyən adamların sadəcə öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır. Bu səbəbdən də koronavirusa yoluxmaların sayının azaldılması və situasiyanın nəzarətdə saxlanması üçün dövlət qurumları mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atmağa məcbur qalıblar. Belə ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər 50-400 manat məbləğində cərimələnəcəklər”.
Günel CƏLİLOVA