12/07/2020 09:53
728 x 90

Tibbi maskalardan istifadə edilməməsinə görə təklif edilən cərimələr - 50 manatdan 200 manatadək...

img

Azərbaycanda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələbələrin pozulmasına görə cərimələrin tətbiq edilməsi təklif olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.

Bu təklif baxılmaq üçün parlamentə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Nazirlər Kabineti mayın 29-da qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlərin siyahısını təsdiq edib.

Azərbaycan ərazisində COVID-19 infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Son xəbərlər