11/07/2020 03:23
728 x 90

Maskasızlar ictimai nəqliyyata buraxılmayacaq - cəmiyyətdən sərt qərara dəstək...

Adil Qeybulla: “Qapalı məkanlarda, ictimai nəqliyyatda mütləq tibbi maska taxılmalıdır”

img

Azərbaycanda koronavirusa yoluxma halları hər gün bir qədər artır. Koronavirusa yoluxma sayında daha bir antirekord qeydə alınıb. Mayın 28-də açıqlanan rəqəmlərə görə, Azərbaycanda  191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Karantin rejimi yumşalandan sonra koronavirusa yoluxanların sayında artım qeydə alınır. Ekspertlər artımın baş verməsinin səbəbini insanların hələ də koronavirus xəstəliyini ciddiyə almaması və qapalı məkanlarda olarkən tibbi maska taxmamasında görürlər. İctimai nəqliyyatdan istifadə edənlərin tibbi maska taxmaması yoluxma sayının artmasına səbəb olub. Artıq Bakıda avtobusdan istifadə etmək istəyən sərnişinlər mütləq tibbi maska taxmalıdırlar. Əks halda, həmin sərnişin avtobusa buraxılmayacaq. Bu baradə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev media nümayəndələrinə açıqlamasında məlumat verib.

  • “Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən, sözün həqiqi mənasında, iqnor olunub”

Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, qapalı məkanlarda tibbi maskanın taxılmasl məcburi olmalıdır: “Karantin şərtlərinə uyğun olaraq, insanlar evdə qalmalı,  sosial izolyasiya, fərdi və sistemli dezinfeksiya tədbirlərini icra etməlidirlər. Bununla yanaşı, insanlar karantin davranışlarına əməl etməlidirlər. Karantin davranışları dedikdə sosial məsafə gözləmək, maska taxmaq (ağız və burun dəliklərini bağlamaqla xəstə şəxsdən nəfəs aerozolunun xaricə atılmasını əngəlləmək və virusun sağlam adamın nəfəs yollarına düşməsinin qarşısını almaq), əllərin sabunla isti su altında yuyulması və dezinfeksiyası nəzərdə tutulur. Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən, sözün həqiqi mənasında, iqnor olunub. Yoluxma dinamikasında nəzərəçarpan artım qeyd olunur, ölüm halları da hələlik epizodik şəkildə olsa da, artmaqdadır. Qarşıdan yay gəlir. İnsanların gözlənilən istidən qaçaraq ölkə üzrə rayonlara istirahət səfərləri qaçılmazdır. Bu isə virusun rayonlara transferinin intensivləşməsi deməkdir. Yoluxma sayının artması, infeksiyanın yayılma coğrafiyasının genişlənməsi və bütövlükdə epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır".

Həmsöhbətimiz hesab edir ki, qapalı məkanlarda, ictimai nəqliyyatda mütləq tibbi maska taxılmalıdır. Tibbi maskanın taxılması məcburi olmalıdır.

Günel CƏLİLOVA

Son xəbərlər