Prezident Azərbaycanın özəl sektoruna sosial məsuliyyət məsələsində doğru yolu göstərdi - dövlətin imkanlarından və sabitlikdən bəhrə götürürsünüzsə...

Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşü zamanı özəl sektorun sosial məsuliyyətinə böyük qiymət verdi.
Ölkə başçısının sözlərinə görə, onun bir neçə il bundan əvvəlki çağırışından sonra özəl sektor artıq bu önəmli sosial layihələrə qoşuldu. Prezident bununla bağlı bir sıra məqamlara toxunub: “O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilib. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır.
Bildiyiniz kimi, məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır”.
Bütün bu deyilənlərlə yanaşı, ancaq hələ də sosial məsuiyyətə lazımi əhəmiyyət verməyən şirkətlər var. Hansı ki, sözügedən şirkətlərin imkanları digərləri ilə müqayisədə kiçik deyil. Bu kimi sosial layihələrdə daha yaxından iştirak edə bilərlər. Təəssüflər olsun ki, bəzi şirkətlər sosial məsuliyyət prinsipindən uzaqdırlar.
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bir sıra özəl şirkətlər korporativ sosial məsuliyyət prinsipindən uzaqdırlar: “Korporativ sosial məsuliyyət nədir? Korporativ sosial məsuliyyət cəmiyyətin və ətraf mühitin qoruunmasına, eyni zamanda, inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. Korporativ sosial fəaliyyətlə məşğul olmaq, ölkədə olan bir sıra sosial problemlərin həllini tapmasına kömək etməklə yanaşı, cəmiyyətdə şirkətin imicinin də formalaşmasına və nüfuzunun artmasına səbəb olur. Şirkətlər hamılıqla məcburi köçkünlərin mənzil təminatının yaxşılaşmasında iştirak etsəydilər, bəlkə də indiyə qədər bu problem tam həll olunmuşdu. Azərbaycanda qaçqın və məcburi köçkünlərin mənzil təminatının yaxşılaşdırılmasında əsas yük dövlətin üzərinə düşür. Prezidentin çağırışından sonra bir sıra şirkətlər mənzil tikintisində iştirak edirlər. Hesab edirəm ki, bu, müsbət tendensiyadır. Ancaq yaxşı olardı ki, özəl sektor daha geniş müstəvidə belə layihələrdə iştirak etsin. Çünki çoxsaylı imkanlı şirkət var və onlar ölkədəki sabitlikdən, işgüzar biznes mühitindən faydalanırlar. O üzdən, bu kimi layihələrdə yaxından iştirak etməlidirlər”.
Vidadi ORDAHALLI