Azərbaycan koronavirusa qarşı ən müasir qabaqlayıcı texnoloji vasitələr axtarışında…

"Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə keçirilən videokonfransda deyib.
Prezident qeyd edib ki, biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik: “Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm".
- “…ancaq koronavirusa qarşı peyvənd hələ tapılmadığı üçün, müasir tibbi texnoloji vasitələrə ehtiyac var”
Azərbaycanın koronavirusa qarşı mübarizədə ən müasir avadanlıqlar əldə etməsinin əhəmiyyəti barəsində danışan tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, dünyada koronavirus təhlükəsinin yarandığı ilk gündən etibarən Azərbaycanda zəruri tədbirlərin görülməsinə başlanıb. Hazırda risqin dərəcəsinə görə müvafiq addımlar atılır: “Danılmaz faktdır ki, dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülüb və görülür. Epidemiya ilə mübarizə məqsədilə lazımi avadanlıqlar alınıb. Ancaq koronavirusa qarşı peyvənd hələ tapılmadığı üçün, müasir tibbi avadanlıqlara ehtiyac var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri addımlar atır. Ümumdünya Səhiyyə Təşkilatı da koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib.
Günel CƏLİLOVA