Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Ancaq yükdaşımalar istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması, eyni zamanda, xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişindaşımanın dayandırılması məhdudiyyəti qüvvədə qalır.
Ekspetlərin fikrincə, bu qərar koronavirusla mübarizədə mühüm rol oynayacaq.
“…bəzi bölgələrdə koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminə məsuliyyətsiz yanaşılır”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, karantin rejiminin yumşaldılması gözlənilən idi: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bəzi sahələr üzrə qadağalar yumşalıb. Bununla yanaşı, elə sahələr var ki, orda qadağalar hələ də qalır. Məsələn, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişindaşıma qadağası qüvvədə qalır. Məlumdur ki, qeyd etdiyim şəhərlərdə əhalinin sayı çoxdur. Əhalinin sağlamlığının qorunması üçün qeyd edilən şəhərlərə yerüstü və hava nəqliyyatı ilə sərnişindaşıma qadağası hələ də qüvvədə qalmalıdır. Danılmaz faktdır ki, bəzi bölgələrdə koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminə məsuliyyətsiz yanaşılır. Unutmaq lazım deyil ki, qaydalara əməl etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər. Bu səbəbdən hər kəs tətbiq edilən bütün qaydalara əməl etməlidir”.
Günel CƏLİLOVA