Dövlət başçısı vətənimizin bugünkü inkişafı, daha xoşbəxt sabahı, xalqın firavan yaşayışı, gözəl rifahı üçün yorulmadan çalışır. Ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı bir an belə unudulmur.
Belə bir tərəqqi dövründə dağlar diyarı Lerik rayonunun çox kəndində indi insanlar zülm-zillət içində, kasıb vəziyyətdə yaşayır. Bunun da birinci günahkarı yalnız öz mənafeyini güdən, xalqın qanı bahasına belə var-dövlət yığan rayonda səlahiyyət sahibi olan məmurlardır. Lerikdə vəzifə başında olanlar görülən işlərdən nümunə götürüb əhaliyə xidmət etmək əvəzinə, sözün həqiqi mənasında onların başından vurub, tikələrini əlindən alırlar. İndiyə qədər olmayıb ki, icra başçısı bir sakini qəbul edib onun dərdinə qalsın. Məhz elə bu biganəliyin səbəbidir ki, qayğılar içində itib-batan kəndlərin sayı durmadan artır. Sosial-iqtisadi çətinlikləri dözülməz həddə olan belə kəndlərdən biri Dzdipokdur. Nağıllardan oxuduğumuz kimi, sanki sovet rejimi dağılanı bu kəndin xoşbəxtliyi qara qoçun buynuzlarında gedib.
Dzdipokun problemlərini saymaqla qurtaran deyil. Onu da deyim ki, sovet dövründə kənd yaxşı inkişaf etmişdi. İndi isə çoxdandır burada bir yenilik gözə çarpmır. Dzdipok kəndinə ictimai nəqliyyat işləmir. Nəticədə ara sürücülər ehtiyac üzündən rayon mərkəzinə gedən adamda abır-həya qoymurlar. Qocalar Piran kəndinə düşüb bankomatdan pensiya pullarını çıxara bilmir. Ən dəhşətli odur ki, şəhərə gedə bilməyən sakinlər dəllallar tərəfindən onlara təklif edilən keyfiyyətsiz, vaxtı keçmiş ərzaq məhsullarını beşqat baha qiymətə almaq məcburiyyətdə qalırlar. Bir balaca yağış yağanda palçıq əlindən kəndin içində gəzmək olmur. Dzdipoklular kitabxananın, klubun, idman meydançasının, tibb məntəqəsinin... nə olduğunu çoxdan unudublar.
Dzdipok camaatı çox çətin durumda yaşayır. Ailə var ki, qazancı heç bir qarın çörəklərinə çatmır. Evlərin əksəriyyətində günlərlə ocaq qalanmır. 10 il bundan əvvəl kəndə qazın veriləcəyi vədi hələ də söz olaraq qalır. Kəndliyə meşədən ulaqla odun gətirmək də qadağan olunub. Qaldı ki, meşə işçiləri üçün “qızıl qiymətinə” istədiyi vaxt maşın-maşın odun satmaq adi haldır. İşıqların tez-tez sönməsi də artıq adamları boğaza yığıb. Ümumiyyətlə, Dzdipok kəndi hər qayğıdan təcrid olaraq problemlər bataqlığında can verir. Amma rayon rəhbərlərinin yalan vədlərinə inanmayan kənd camaatı ehtiyac dolu komasında oturub, ümidini yenə də haqq-ədalətə bağlayıb. Axı, onlar ölkə rəhbərinə ürəkdən inanırlar və bilirlər ki, onun köməyilə Lerikdə də mizan-tərəzi öz yerini tapacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü