Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılsa da, mayın 18-dən bəzi qadağalar qüvvədə qalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədədir:
- yükdaşımalar istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;
- xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
- bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;
- “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması.
O cümmlədən, bütün kütləvi tədbirlərin dayandırılması qüvvədə qalır.
Göründüyü kimi, karantin tədbirləri yumşaldılsa da, Bakı, Abşeron, Sumqayıt və Lənkəranda dövlət müəssisələrində işçilər məhdud sayda işə çıxacaqlar. Ümumilikdə, bu qadağanın hələ saxlanmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“...pandemiyanın kütləvi yayılma təhlükəsini minimuma endirir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, böyük şəhərlərlə bağlı bir sıra qadağaların qüvvədə qalması doğru addım idi: “Məsələ ondadır ki, Azərbaycan əhalisinin çoxu böyük şəhərlərdə cəmləşib. İstehsal, xidmət və digər müəssisələrin əsas hissəsi Bakı və Sumqayıtda yerləşir. Burada hərəkət intensivliyi daha yüksəkdir. Nəzərə almaq lazımdır ki, koronavirus təhlükəsi aradan qalxmayıb. Pandemiyanın nə vaxt sona çatacağını isə heç kəs bilmir. Ona görə də müəyyən məhdudiyyətlərin qüvvədə saxlanması doğru addım idi. Böyük şəhərlərdə dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması pandemiyanın kütləvi yayılma təhlükəsini minimuma endirir. Hesab edirəm ki, bununla bağlı məhdudiyyətlərin qüvvədə saxlanması vacib idi. Çünki virusa yoluxma halları tam aradan qalxmayıb. Düzdür, heç kəs məhdudiyyətlərin saxlanmasının tərəfdarı deyil. Nə dövlət, nə də əhali bunu istəyir. Ancaq mövcud vəziyyət bununla bağlı bir sıra məhdudlaşdırıcı addımların atılmasını zərurətə çevirir. Ona görə də hamı qaydalara əməl etməlidir”.
Vidadi ORDAHALLI