Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 16 may 2020-ci il tarixində onlayn iclası keçirilib. Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasını açan şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Təhsil Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixdə elan edilmiş və hazırda məzmun ekspertizası ərəfəsində olan “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə dair müzakirələrin vacibliyi barədə məlumat verib və bu mövzuda iclasın təşkil edildiyini iştirakçıların diqqətinə çatdırıb.
İclasda iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov məlumat verərək bildiriblər ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən, vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in tətbiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli, 258 nömrəli Qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilib.
Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaqdan, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Təhsil Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixdə elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu 18.04.2020-ci il tarixdə başa çatıb. Məlumat verilib ki, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu tam elektronlaşdırılıb və grants.edu.az portalı vasitəsilə aparılıb. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə, ümumilikdə, 852 (ümumtəhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) sayda layihə təqdim edilib.
Mövzu ilə bağlı şura sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı, fəlsəfə doktoru Etibar Əliyev, Asif Cahangirov, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə çıxışlar edərək rəy, təklif və tövsiyələrini bildiriblər. Belə ki, müsabiqənin prioritet istiqamətləri formalaşdırılan ümumi təhsilin hər səviyyəsi üzrə mövzuların nəzərdə tutulması, innovativ istiqamətlərə daha çox yer ayrılması, müsabiqə qaliblərinin və onların layihələrinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumtəhsil müəssisələrində tətbiqi və bir sıra digər tövsiyələr verilib. Eyni zamanda, növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə şura üzvlərinin də cəlb edilməsi təklif olunub.
İradə SARIYEVA