Hakim Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizəd siyahısında geniş ictimaiyyətin tanımadığı şəxslərlə yanaşı illərdir YAP-ı parlamentdə təmsil edən şəxslərin də adı var. Partiya 125 dairədən 123-ü üzrə namizəd irəli sürüb. Onların arasında dekabrda buraxılmış parlamentin üzvləri də var. Məsələn, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Aqiyə Naxçıvanlı, Eldar İbrahimov, İsa Həbibbəyli, Cavanşir Paşazadə...
SOCAR prezidenti Rövnəq Abdullayev, parlamentin buraxılması ilə bağlı izahat tələb edən Arif Rəhimzadə, AMEA-nın Tarix İnstitutunun direktoru, yaşı 80-ni haqlamış Yaqub Mahmudov, Milli Məclisin vitse-spikeri olmuş Bahar Muradova, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev kimi deputatların adları isə siyahıda yoxdur. Ümumilikdə 2015-ci il parlament seçkiləri zamanı seçilmiş deputatlardan 20-dək YAP-çının adı bu dəfəki siyahıya daxil edilməyib.
YAP-ın siyahısında köhnə parlamentdə təmsil olunan və xüsusilə də, xalqın tələbləri ilə uzlaşmayan, cəmiyyətdə qıcıq doğuran açıqlamaları ilə yadda qalan bəzi deputatların adının olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, bu cür adların siyahıda olması həmin şəxslərin parlamentdə təmsil olunma şanslarını artırır. Bu da islahatların mahiyyətilə uzlaşmaya bilər. Ancaq fərqli mülahizələr irəli sürənlər də az deyil. Bir sıra müstəqil ekspertlər hesab edirlər ki, YAP-ın öz siyahısına 75 nəfər yeni adları daxil etməsi təsadüf sayıla bilməz. Həmin sayda olanların böyük əksəriyyəti gənclərdir. Bundan belə nəticə çıxarılır ki, siyahıya adları düşmüş bir çox köhnə YAP-çıların millət vəkili seçilmə şansları o qədər də yüksək deyil. YAP rəhbərliyinin seçkilərdən əvvəl verdikləri açıqlamalarda bildirilirdi ki, parlamentdə çoxlu sayda gənclərin təmsil olunacağını hədəfləyirlər. Bu baxımdan da, siyahıda adları qeyd edilən, yeni, gənc YAP-çıların seçilmə ehtimalı, köhnə millət vəkillərindən daha çox ola bilər. Bu, həm də YAP-ın qanunverici orqanda görmək istədiyi islahatla adekvatlıq təşkil edər. YAP-çı deputat Aydın Mirzəzadə deyilənlərin çoxu ilə razılaşmır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü 123 nəfərdən 75 nəfəri yeni namizəddir: “Nə vaxtdan 75 nəfər azlıq təşkil edir? 75 nəfər bizim ən istedadlı, partiyada tanıdığımız, parlamentdə görmək istədiyimiz gənclərdir. Bir hissəsi tanınır, bir hissəsi seçiləndən sonra tanınacaq. Orda 20-30 gənc var ki, onların siyahıya düşməsinə sevindim. Onlar seçiləndən sonra parlamentin aparıcı üzvləri olacaq. Mənə bir ölkə göstərin ki, orda parlamentin üzvləri 100 faiz kökündən dəyişir? Gəncləşmə olacaq, ancaq köhnə tərkibdən də kimsə qalacaq".
Deputat cəmiyyətin bir hissəsində yanlış təsəvvürlərin formalaşdığını düşünür: "Hesab edirlər ki, parlamentin necə olacağını onlar müəyyən edəcək. İddialar səsləndirirlər: "Filankəs niyə irəli sürüldü?" Bu, təyinat deyil, seçkidir. Əziz bizimlə razılaşmayanlar, dairənizdə YAP-dan verilən namizədi bəyənmirsinizsə, seçə biləcəyiniz digər namizədlər var. Ancaq YAP-a kimin seçilməsi ilə bağlı diktə etməsi doğru deyil. Heç sovet dövründə belə, bu cür totalitar baxışlar olmamışdı".
Məhəmmədəli QƏRİBLİ