Dekabrın 27-də YAP-ın idarə heyətinin bir neçə saat davam edən toplantısı, nəhayət, deputatlığa namizədlərin siyahısını açıqlayıb. Əvvəlcə kiçik qruplar şəklində verilən məlumatlardan sonra tam siyahı açıqlanıb.
Partiya 123 dairədən namizəd irəli sürüb. Partiya iki dairədən - Naxçıvan Muxtar Respublikasında 3 saylı Şərur-Kəngərli seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib.
İcra katibi Siyavuş Novruzov deyib ki, YAP-ın qərarından kənar hər hansı bir partiya üzvü namizədliyini irəli sürəcəksə, partiya ona etimad göstərməyəcək və o, partiyanın siyasətinə zidd getmiş olacaq.
Siyahıda 42-ci Sumqayıt 2-ci seçki dairəsindən Qadınlarla iş...Komitəsinin sədri Hicran Hüseynovanın, 102 saylı Samux-Şəmkir dairəsindən Elşad Mirbəşiroğlu və sair kimi yeni adlar var.
YAP-ın namizədlər siyahısında 16 nəfər köhnə deputatın - vitse-spiker Bahar Muradova, Arif Rəhimzadə, Ağacan Əbiyev, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilov, Mirkazım Kazımov, Sevinc Hüseynova, Tahir Süleymanovun adları yoxdur.
Qeyd edək ki, buraxılmış MM-in tərkibində YAP-ın 69 nəfər deputatı var idi. Bu 69 nəfərin 16-sının namizədliyi təkrar olaraq verilməyib. Köhnə tərkibdən 53 nəfərin namizədliyinin yenidən verilməsini nəzərə alsaq, 123 namizəd arasında 70 nəfəri yeni namizədlər sayılır.
Yeni namizədlər arasında 27 saylı Sabunçu ikinci dairəsindən keçmiş deputat Hacı Qalib Salahzadənin oğlu Salahzadə Əliabbas Qalib oğlu da var.
Dəyişikliklərdən biri Səməd Seyidovun 34-cü Xətai seçki dairəsindən 108 saylı Ağstafa dairəsinə dəyişdirilməsidir.
Namiq QULİYEV