Bu günlərdə Azərbaycanla Rusiya arasında sərhəddə yerləşən Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.
Açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.
Qeyd edək ki, körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilib. Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarətdir. Burada eni 3,75 metr olan qapalı piyada zolağı da salınıb. Əvvəlki körpüdən sutka ərzində təqribən 500 yük, 800 minik avtomobili keçirdi. Yeni körpünün buraxılış imkanı bundan iki dəfə artıqdır.
Bütün hallarda, sözügedən yeni körpünün iki ölkə arasında hansı strateji əhəmiyyəti var? Rusiya ilə Azərbaycan arasında strateji əlaqələrin, çoxtərəfli münasibətlərin dərinləşməsində, genişlənməsində nə kimi tarixi rol oynayacaq?
“Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin intensivliyini artıracaq”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli buna bir neçə aspektdən yanaşdı. Onun fikrincə, sözügedən körpü iki ölkə arasında çoxşaxəli əlaqələrin qurulmasına kömək edəcək: “Məsələ ondadır ki, Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini vacib layihə hesab edir. Hesablamalara görə, Azərbaycan ərazisi ilə yerüstü yük tranziti orta müddətdə 7 milyon tona yaxınlaşa bilər. Daha uzun müddətdə bu göstərici 13 milyon tondan çox ola bilər. Tranzitin böyük hissəsi Hindistana və İrana gedən və bu ölkələrdən Rusiyaya göndərilən yüklərin hesabına formalaşacaq. Ümumilikdə, Samur çayı üzərindəki yeni körpü mühüm iqtisadi və humanitar əhəmiyyətə malikdir. Buraxılış imkanları genişləndirilmiş yeni körpü Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin intensivliyini daha da artıracaq. Körpü Dağıstanla Azərbaycan arasında sərhədyanı ticarət əlaqələrinə təkan verəcək və humanitar əlaqələr üçün əlverişli imkan yaradacaq. Yeni körpü Azərbaycanın həyata keçirdiyi bütöv bir avtomobil yolları strategiyasının tərkib hissəsidir. Hazırda Azərbaycanın tikintisini həyata keçirdiyi, yaşayış məntəqələrindən yan keçən Bakı-Rusiya sərhədi və Bakı–İran sərhədi avtomobil yolları tezliklə istismara veriləcək. Bununla Azərbaycan ərazisindən Şimal-Cənub və geriyə istiqamətlərdə avtomobil yükdaşımalarına sərf olunan vaxt iki dəfə azalacaq. Bu yollar və Samur çayı üzərindəki yeni körpü birlikdə beynəlxalq yükdaşımaların həcmini artıracaq, paralel olaraq daşımalara sərf olunan vaxta qənaət ediləcək. Ən nəhayət, körpü və yollar iki ölkə arasında turizmin inkişafına da təkan verəcək. Ona görə də sözügedən körpü iki ölkə arasında strateji münasibətləri daha da inkişaf etdirəcək”.
Vidadi ORDAHALLI