1941-ci ildə Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda ermənilər məkrli planlarını həyata keçirmək üçün fürsət yarandığını fikirləşdilər. Onlar “gələcək gün üçün” 1919-cu ildə daşnak hökumətinin başçısı olmuş A.Xatisyanı tapıb Adolf Hitlerə təqdim etdilər və ermənilərin almanların sadiq dostu, ədalət uğrunda mübarizə aparan xalq olduqlarını bildirdilər.
Müharibə başlayanda faşistlərin qalib gələcəyini mümkün hesab edən ermənilər yaltaqlıqla III Reyx rəhbərliyinə yol tapmağa cəhd ediblər.
Digər tərəfdən, ermənilər İkinci Dünya Müharibəsinin tarixini saxtalaşdıraraq iddia edirlər ki, guya çoxsaylı erməni faşizmə qarşı müharibədə həlak olub. Ermənilərin iddiasına görə, İkinci Dünya Müharibəsində 330 min erməni həlak olub. Hansı ki, o zaman Ermənistanda yaşayan ermənilərin sayı heç 1 milyon nəfər deyildi. Nəzərə almaq lazımdır ki, o zaman Ermənistan əhalisi tək ermənilərdən ibarət deyildi. Ölkədə çoxlu sayda azərbaycanlı yaşayırdı.
Başqa bir tərəfdən, o zamam Azərbaycanın əhalisi 3 milyon nəfərə yaxın idi. Onların 600 min nəfərdən çoxu müharibəyə getdi, 400 mindən çoxu müharibədə həlak oldu. Belə olan halda, necə olur ki, Azərbaycanla müqayisədə əhalisi az olan Ermənistanın 330 min vətəndaşı müharibədə həlak olub? Bu, açıq-aşkar, ermənilərin İkinci Dünya Müharibəsi tarixini saxtalaşdırmaları deməkdir. Hansı ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda çıxışında bildirdi ki, İkinci Dünya Müharibəsi ilə bağlı tarixin saxtalaşdırılması yolverilməzdir. Rusiya lideri, eyni zamanda, vurğuladı ki, tarixi sənədləri oxuduğu zaman kimlərin nasistləri dəstəklədiyi, kimlərin isə dəstəkləmədiyi məlum olur.
“Bu, açıq-aşkar, İkinci Dünya Müharibəsi ilə bağlı rəqəmlərin ermənilər tərəfindən saxtalaşdırılması deməkdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, tarixi saxtalaşdırmaq ermənilərin köhnə adətidir: “Rəqəmlər məsələsində tarixi prosesləri ermənilər həddindən artıq şişirtdiyi kimi, digər məsələlərin saxtalaşdırılmasında da özlərini saxlaya bilmirlər. Hətta elə ağ yalanlar, uydurmalar yazırlar ki, bəzən səslənən rəqəmlər onların əhalisindən də çox olur. 19-cu əsrdə ermənilər Çar Rusiyasına müraciət edəndə də belə saxta rəqəmlər ortaya atmışdılar. Yazmışdılar ki, Qarabağda 60 min nəfərlik erməni ordusu var və onlar sizə kömək edəcək. Yəni bu cür şişirdilmiş rəqəmlər o vaxtdan var. 20-ci əsrin əvvəllərində erməni dövlətinin yaradılması ilə bağlı məsələ qaldırılanda əhali sayı yetərli deyildi. O dərəcədə ermənilərin sayı az idi. Vəziyyətin belə olduğunu görən ermənilər başladılar əhalinin sayını şişirtməyə. İkinci Dünya Müharibəsində Azərbaycanda təqribən 3 milyon nəfər yaşayırdı. O zaman 640 min nəfər müharibəyə gedib. Onlardan 420 min nəfəri həlak olub. Ermənistanda o vaxt 1,6 milyon nəfər əhali olub. Onların hamısı ermənilərdən ibarət olmayıb. Əhalinin çoxu azərbaycanlı olub. Müharibə dövründə azərbaycanlılar deportasiya edilməmişdi. Azərbaycanlıların bir hissəsi 1947-1953-cü illərdə deportasiya edildi. Hətta ermənilərin bir çoxu müharibəyə getməkdən yayınıb, onların yerinə yaşı çatmayan azərbaycanlılar gediblər. Bütün bunları nəzərə alsaq, yenə də 330 min erməninin müharibədə həlak olması mümkün deyil. Ona görə də bu, açıq-aşkar, İkinci Dünya Müharibəsi ilə bağlı rəqəmlərin ermənilər tərəfindən saxtalaşdırılması deməkdir”.
Vidadi ORDAHALLI