9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərinə Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyirlər. Artıq indiki tərkibdən 20-dən çox deputat iddiasını ortaya qoyub.
Bunlar Hacı Salayev, Aqil Abbas, Ziyad Səmədzadə, Jalə Əliyeva, Zahid Oruc, Əflatun Amaşov, Sahib Alıyev, Azay Quliyev, Adil Əliyev, Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Rüfət Quliyev, Azər Kərimli, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fazil Mustafadır.
Milli Məclisin indiki tərkibinə daxil olan deputatların böyük çoxluğu parlamentin buraxılmasının lehinə olub. Parlamentin buraxılması isə Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyası ilə izah edilib. Bildirilib ki, indiki parlament yarıtmaz fəaliyyəti ilə islahatlara mane olur. Deputatlar da Milli Məclisin buraxılmasına səs verməklə bunu təsdiq ediblər. Bu baxımdan onların yenidən namizədliklərini irəli sürmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu səbəbdən də müstəqil və müxalifəti təmsil edən bir sıra deputatlar ictimai qınağı azaltmaq üçün müxtəlif məzmunlu şayiələr yayırlar. Bu qəbildən olan deputatlar deyirlər ki, guya onlara hakimiyyət tərəfindən belə bir təklif olub: “parlamentin buraxılmağına səs verin, əvəzində yeni seçkilərdə iştirak edin”. Hətta bu xüsusda bildirirlər ki, guya buna görə də onların seçilmək şansları böyükdür. Seçkilərə qatılan buraxılan parlamentin üzvləri belə şayiələri yaymaqda niyə maraqlıdırlar?
“Bu şayiənin özü də onlara hörmət gətirmir”
Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, bu cür şayiələri o da eşidib: “Bilirsiniz ki, hazırkı situasiyada daha çox qınağa məhz dediyiniz kateqoriyadan olan adamlar tuş gəlir. YAP-çıları başa düşdük, onlar partiyanın qərarına tabe olublar. Müstəqillərə və müxaliflərə sual verirlər ki, siz niyə özünüzü buraxmağa əl qaldırdınız? Cavab verməyə söz tapa bilmirlər. Açıq deyə bilmirlər ki, hakimiyyətin qəzəbinə tuş gəlməkdən qorxub bu addımı atmadıq. Yəni gələcəkdə deputat olmaq niyyətlərini bu üsulla sığortalayıblar. Əslində isə həmin addımı atıb təkrar seçkilərə qatılmaq çox məntiqsizdir. İctimai qınaqdan yaxa qurtarmaq üçün müxtəlif bəhanələr uydururlar. Bu şayiənin özü də onlara hörmət gətirmir. Deməli, belə çıxır ki, həmin adamlar yalnız öz mənafeyinə görə, kimlərin gəldi sifarişini icra edə bilərlər? İstənilən halda, bu şayiənin yayılması onları daha da nüfuzdan salır. Onsuz da onlar qərarın əleyhinə səs versəydilər, parlament buraxılacaqdı. Çünki YAP-ın resursu bunun üçün kifayət idi. Təbii ki, atdıqları yanlış addım onları seçki kampaniyası dönəmində də narahat edəcək. Alterantivlərinin ən möhkəm yapışacaqları arqumentlərdən biri məhz bu olacaq. Şəxsən mən inanmıram ki, gəlib kiməsə deyilən təklifi etsinlər. Çünki hakimiyyət buna zərurət görmürdü”.
Məhəmmədəli QƏRİBLİ