Ermənilər növbəti saxtalığa əl atırlar. Onların KİV-nin yazdığına görə, Yeni il münasibətilə Ermənistanda Azərbaycandan köçən qaçqınlara 100 dollar məbləğində yardın veriləcək. Maraqlıdır ki, bu layihəni Ermənistan hökuməti yox, dünyadakı erməni diaspor təşkilatları həyata keçirir.
Aydındır ki, bununla ermənilər çox məkrli məqsədlər güdürlər. İstəyirlər ki, adına humanizm dedikləri kampaniya vasitəsilə ermənilərin acınacaqlı vəziyyətini və real olmayan qaçqın saylarını dünyanın diqqətinə çatdırsınlar. Çünki kampaniyanın gedişi zamanı hiss edilir ki, kifayət qədər saxtakarlığa əl atırlar. Erməni KİV-i yazır ki, bəzən Azərbaycanla bağlılığı olmayan ailələri də çəkib kampaniya iştirakçısı kimi qələmə verirlər. Ermənilərin növbəti saxtakarlığı nə dərəcədə effektli ola bilər?
Hatəm Cabbarlı: “Dünyaya nümayiş etdirir ki, guya bizim ucbatımızdan ermənilər ağır vəziyyətdədirlər”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan son illər bu yöndə ciddi saxtakarlıqlara əl atır: “Xüsusilə də 1988-1990-cı illərdə Azərbaycandan köçən ermənilərin məsələsini həm ölkə daxilində, həm də xaricdə gündəmə gətirməyə çalışırlar. Son zamanlar isə Ermənistan hakimiyyəti həmin kateqoriyadan olan adamların vəziyyətini yaxşılaşdırmaq üçün bəzi tədbirlər həyata keçirir. Bu zaman dünyadakı erməni diasporunun yardımından da istifadə edirlər. Son zamanlar erməni diasporu Azərbaycandan köç edən ermənilərə 100 dollar aksiyasını həyata keçirir. Bundan əvvəl isə Azərbaycandan köçən 400 ailəyə mənzil verilməsi ideyasını gündəmə gətirdilər. Ancaq Ermənistan hakimiyyətinin real durumu bu layihəni həyata keçirməyə imkan vermir. Buna görə də diasporun yardımından yararlanmağa məcburdur. Ermənistan son 30 ildə Azərbaycandan köç etmiş vətəndaşlarının sosial-iqtisadi vəziyyətini yaxşılaşdıra bilmədiyi üzərindən də özü üçün dividend əldə etməyə çalışır. Paşinyan hakimiyyəti bununla həm narazı kütləni sakitləşdirir, həm də dünyaya saxta göstəricilər təqdim edir. Bəllidir ki, Azərbaycandan köç etmiş ermənilərin böyük əksəriyyəti ora köç etməyib. Edənlər isə sonrakı çətin şəraitdən Ermənistanı tərk etmək məcburiyyətində qalıblar. Ermənistan bununla Azərbaycanı ittiham edir və dünyaya nümayiş etdirir ki, guya bizim ucbatımızdan ermənilər ağır vəziyyətdədirlər. İkinci bir tərəfdən isə özlərinə lazım olan qaçqın sayını dünyaya təqdim edirlər. Ən sonda isə hakimiyyət ölkəyə pul transfer edib, öz daxili problemini həll etmiş olur”.
Məhəmmədəli QƏRİBLİ