Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan yerli media təmsilçilərinə verdiyi açıqlamada bir sıra məqamlara toxunub. O iddia edib ki, guya Azərbaycanın Türkiyənin köməyilə Naxçıvan istiqamətində dayaq əldə etmək cəhdləri uğursuz oldu.
Onun sözlərinə görə, hakim yüksəkliklərə sahib olmaq baxımından ermənilər 30-40 faiz daha öndədir. O bildirib ki, Azərbaycanın Türkiyə ilə Naxçıvanda ümumqoşun ordusunun gücləndirilməsinə yönəlmiş böyük səylərinə baxmayaraq, erməni tərəfi rəqibin Naxçıvan istiqamətində hərbi üstünlüyə sahib olmaması üçün müvafiq tədbirlər görür: “Bu, deməyə imkan verir ki, bu istiqamətdə hərbi dayaq nöqtələrinin sistemində pisləşmə olmayıb, taktiki xarakter daşıyan müəyyən inkişaflar var. Azərbaycan bu istiqamətdə güclənmək üçün Türkiyə ilə birlikdə çox səy göstərir. Biz isə buna effektiv şəkildə qarşı çıxırıq. Ermənistan son aylar ərzində dayaq nöqtələrin genişləndirilməsi, yol şəbəkələrinin genişlənməsi və inkişafı istiqamətində böyük işlər həyata keçirib”.
Davtyan onu da bildirib ki, Qarabağda müharibə təhdidi real və yüksəkdir: “Müharibə təhdidi azalmayıb. O, hər zaman var. Siyasi planda Qarabağ məsələsi həll edilmədiyindən, biz Qarabağda müharibə təhdidini real və yüksək hesab edirik. Qarabağ məsələsindən başqa digər təhdid strateji düşmənimiz olan Türkiyədir”.
Göründüyü kimi, ermənilər hər vasitə ilə Azərbaycan Ordusunun 2018-ci ilin ortalarında Naxçıvan istiqamətində uğurlu əməliyyatlarına kölgə salmaq istəyirlər. Hansı ki, həmin əməliyyatlar nəticəsində Naxçıvanda bir sıra strateji yüksəkliklər və 11 min hektar ərazi işğaldan azad edildi. Ən başlıcası, Azərbaycan Ordusu sözügedən ərazilərdə mövqelərini ciddi şəkildə möhkəmləndirdi.
Belə olan halda, A.Davtyanın strateji yüksəkliklərlə bağlı səsləndirdiyi fikirlər nə dərəcədə reallığa uyğundur?
“Ordumuz 2018-ci ildə əldə etdiyi üstünlükləri qoruyub saxlayıb, nəzarət altına alınan yüksəkliklərə yol çəkilib”
Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Davtyanın səsləndirdiyi fikirlər reallığı əks etdirmir: “Çünki Azərbaycan Ordusu əldə etdiyi taktiki və strateji üstünlükləri qoruya bilib. 1990-cı ilin əvvəllərində Naxçıvan istiqamətində ermənilər çalışırdılar ki, strateji yüksəklikləri ələ keçirsinlər. Sədərək istiqamətində ermənilər bəzi üstünlüklər əldə etdilər. Bu əsasən anklav vəziyyətində olan Kərki kəndinin işğalı ilə bağlı idi. O zaman ermənilər bütün vasitələrlə çalışırdılar ki, Sədərək qəsəbəsini işğal edib Türkiyə-Azərbaycan sərhədini bağlasınlar. Ancaq bütün səylərinə baxmayaraq, Sədərəki işğal edə bilmədilər. Digər tərəfdən, 2018-ci ildə Azərbaycan Ordusu Naxçıvan istiqamətində bir sıra strateji yüksəklikləri azad etdi. Gorus rayonu ordumuzun müşahidəsi altındadır. Ona görə də Davtyanın strateji yüksəkliklərlə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir. Çünki 2019-cu il ərzində Naxçıvan istiqamətində ermənilərin xeyrinə real və prinsipial dəyişikliklər olmayıb. Məsələ ondadır ki, ordumuz 2018-ci ildə əldə etdiyi üstünlükləri qoruyub saxlayıb. Nəzarət altına alınan yüksəkliklərə yol çəkilib. Qışda belə, əsgərlərimiz həmin yüksəkliklərdəki mövqelərdə olublar. Erməniləri də məhz bu daha çox narahat edir. Yəni qışda belə Azərbaycan Ordusu geri çəkilmədi”.
Vidadi ORDAHALLI