Məlum olduğu kimi, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. O.Gülalıyev qəzadan sonra onu vuran sürücü tərəfindən xəstəxanaya aparılıb. Sonra ailəsinin təkidilə oradan “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.
Komada olduğu üçün, ailəsinin istəyilə, Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib. Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə fond O.Gülalıyevin müalicəsi ilə bağlı məsələlərlə məşğul olur.
Qeyd edək ki, O.Gülalıyevin əməliyyat olunması ilə bağlı məlumatları tanınmış professor, həm də müxalif mövqeyi ilə tanınan Adil Qeybulla verirdi. Ancaq buna baxmayaraq, radikal müxalifət təmsilçiləri dərhal başladılar O.Gülalıyevin səhhəti ətrafında manipulyasiyalar etməyə. Guya vaxtında müdaxilə olunmayıb, nəzarətə götürülməyib və s. Ancaq A.Qeybulla bildirdi ki, ilk andan Səhiyyə Nazirliyi bu məsələ ilə maraqlanır. Çox tanınmış neyrocərrahlar gəlib onu yüksək səviyyədə əməliyyat etdilər. Əməliyyatdan sonra da, məlum olduğu kimi, Heydər Əliyev Fondunun dəstəyilə O.Gülalıyev xüsusi təyyarə ilə Türkiyəyə aparıldı. Hətta xəstəyə baxan Türkiyədə cərrahlar da qeyd etdilər ki, onun Azərbaycanda əməliyyatı yaxşı şəraitdə keçib. Ancaq bu müddətdə daim radikal mövqedən çıxış edən müxalifət təmsilçiləri O.Gülalıyev ətrafında müxtəlif spekulyasiyalar yaratmağa çalışdılar. Gah dedilər səhhətində irəliləyiş olmayacaq, gah dedilər Heydər Əliyev Fondu müalicəni yarımçıq qoymaq istəyir və s. Ancaq bütün bunların heç biri özünü doğrultmadı. Artıq hüquq müdafiəçisi O.Gülalıyevin səhhətində müsbətə doğru dəyişiklik var. Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva bildirib ki, bir həftədən çoxdur onun hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.
Bütün bunlar bir daha sübut etdi ki, radikalların bu məsələ ilə bağlı manipulyasiya cəhdləri fiaskoya uğradı. Heydər Əliyev Fondu ictimai mövqeyindən asılı olmayaraq, öz vətəndaşının müalicəsinin arxasında sona qədər durdu.
Bütün bunlardan sonra radikallar O. Gülalıyevi həyata qaytardığı üçün Heydər Əliyev Fonduna təşəkkür etməlidirlərmi?
“Bəlli olduğu kimi, onların xəbis niyyətləri reallaşmadı”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, O.Gülalıyevin səhhəti yaxşılaşmağa doğru getdiyi üçün, radikallar Heydər Əliyev Fonduna təşəkkür etməyə borcludurlar: “Ona görə ki, onların ilk vaxtlar və ondan sonra səsləndirdikləri fikirlər tamamilə əsassız idi. Əsassız olmaqla yanaşı, böhtan xarakterli idi. Heydər Əliyev Fondu bu istiqamətdə üzərinə düşən bütün işləri gördü və indinin özündə də görür. Radikallar isə O.Gülalıyevin başına gələn məlum hadisədən siyasi alver məqsədilə istifadə etməyə çalışdılar. Xəstədən öz çirkin niyyətləri üçün istifadə etməyə cəhd etdilər. Müxtəlif vasitələrlə spekulyasiyalar edirdilər. Hansı ki, bu, insanlığa yaraşmayan bir hərəkətdir. Ancaq, bəlli olduğu kimi, onların xəbis niyyətləri reallaşmadı. O.Gülalıyevin ailə üzvləri də etiraf edirlər ki, artıq onun səhhəti yaxşılaşmağa doğru gedir. Səhhətində müsbət dinamika var. Həkimlər prosesin zamana ehtiyacı olduğunu qeyd edirlər. Ona görə də radikallar buna görə fonda təşəkkür etməlidirlər. Özlərində cəsarət tapıb bunu etməlidirlər”.
Vidadi ORDAHALLI