Bu günlərdə Türkiyə ilə Liviyadakı Milli Barışıq Hökuməti arasında "Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi" və "Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi" imzalanıb.
Sözügedən pakt həm Türkiyə, həm də Liviyanın dəniz yurisdiksiyalarını müəyyənləşdirir, digər bölgə ölkələrinin və beynəlxalq firmaların birtərəfli və qanunsuz fəaliyyətlərini rədd edir. Beynəlxalq dəniz qanunlarına uyğun olaraq, hər iki ölkənin hüquqlarını qorumağı hədəfləyir. Həmçinin, bu müqavilə ilə Türkiyənin Şərqi Aralıq dənizi sahəsi kəskin şəkildə genişlənib. Bu isə Rusiya başda olmaqla, bir sıra dövlətlərin narahatlığına səbəb olub.
Məlumat üçün qeyd edək ki, Türkiyə Liviyada legitim hökuməti - Faiz Sərracı, Rusiya isə legitim hökuməti devirməyə çalışan qiyamçıları dəstəkləyir. Qiyamçılara da Xəlifə Haftar rəhbərlik edir. Məhz bu səbəbədən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Liviyadakı Xəlifə Həftarı dəstəkləyən Rusiyaya məxsus muzdlulara qarşı səssiz qalmayacağını bəyan edib: “Soruşmaq istərdim ki, Sudandan beş min və “Vaqner”dən iki min əsgər Liviyaya hansı sifətlə gəlib? Onlar orada nə edirlər? Haftarın heç bir legitimliyi yoxdur. O, legitimliyi olmadan vəziyyətdən sui-istifadə edir. Beynəlxalq ictimaiyyət Liviyada lider kimi Sərracı tanıyır”.
Ərdoğan onu da bilfirib ki, Liviyadan dəvət gəlsə, Türkiyə oraya hərbi kontingent göndərəcək.
Kreml isə Türkiyənin Liviyaya mümkün hərbi qoşun yeritməsindən narahatlığını vurğulayıb. O baxımdan bütün bunları nəzərə alsaq, Türkiyə ilə Rusiyanın Liviyada qarşı-qarşıya gəlmək risqi artır. Çünki bu ölkələr fərqli tərəflərdə yer alıblar. 2011-ci ildə Liviyada Qəddafi devriləndən sonra ölkədə qeyri-sabitlik davam edir. Mərkəzi hakimiyyət bütün ölkəyə nəzarət edə bilmir.
Bütün hallarda, yaranan hazırkı mürəkkəb vəziyyətdə Türkiyə ilə Rusiya Liviyada üz-üzə gələ bilərmi? Belə bir halın baş verməsi nə dərəcədə mümkündür?
“Ortada nə qədər gərginlik olsa da, tərəflər uzlaşmağa çalışacaqlar”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Liviya önəmli strateji mövqedə yerləşdiyi üçün, bu ölkə uğrunda mübarizə gedir: “Nəzərə almaq lazımdır ki, Liviya Aralıq dənizi sahillərində yerləşir. Bu ölkənin zəngin qaz və neft ehtiyatları var. Liviyanın ərazisi böyük olsa da, əhalisi çox deyil. Bu baxımdan adıçəkilən ölkə böyük dövlətlərin diqqətini cəlb edir. O da məlumdur ki, Rusiya ilə Türkiyə fərqli qüvvələri dəstəkləyirlər. Əslində, burada Türkiyə doğru mövqedədir. Ona görə ki, legitim hakimiyyəti dəstəkləyir. Rusiyanın üsyançıların yanında olması o demək deyil ki, Moskva Liviyada Ankara ilə mütləq toqquşacaq. Düşünmürəm ki, indiki situasiyada Rusiya Liviyada Türkiyə ilə toqquşma yolunu tutsun. Çünki iki ölkə arasında böyük enerji layihələri var. Suriyada tərəflər əməkdaşlıq edirlər. Hansı ki, Suriyada Rusiya Əsədi, Türkiyə isə Əsədə müxalif olan qüvvələri dəstəkləyir. Orada anlaşa bilirlərsə, fikrimcə, Liviya ilə də bağlı ortaq məxrəc tapacaqlar. Putin mətbuat konfransında qeyd etdi ki, Liviyada hər iki tərəflə işləyirlər. Ona görə də ortada nə qədər gərginlik olsa da, Rusiya ilə Türkiyə uzlaşmağa çalışacaqlar. Nəzərə almaq lazımdır ki, yaranan vəziyyətlə bağlı Ərdoğan nümayəndə heyətini Moskvaya göndərib. İstənilən halda, Moskva Türkiyəni itirməməyə çalışacaq. Çünki Rusiyanın Qərblə münasibətləri gərgindir. Xüsusən də ABŞ-la. Belə vəziyyətdə Türkiyəni itirmək Kremlə əsla sərf etmir”.
Vidadi ORDAHALLI