Gürcüstan prezidenti Salome Zurabişvili maraqlı bir açıqlama ilə çıxış edərək bildirib ki, Tiflis Ermənistanla sərhəd məsələsini həll etməlidir. O, sərhəd əraziləri barədə xatırlatma verərək qeyd edib ki, demarkasiya prosesi dayandırılıb. Zurabişvilinin sözlərinə görə, sona qədər dövlət kimi formalaşmaq üçün Gürcüstan bütün mübahisəli sərhəd məntəqələrini müəyyən etməlidir.
O, Ermənistanla sərhədlərin tam razılaşdırılması gərəkdiyini bildirib: “Bizim aramızda olan bu prosesi niyə bitirməməyimiz mənim üçün aydın deyil. Bizim komissiyalar bu istiqamətdə işləməyə başlamalıdırlar”.
Ekspertlərə görə, Zurabişvilinin Ermənistanla sərhəd məsələsinə toxunması heç də təsadüfi xarakter daşımır. Ən azı baxımdan ki, müxtəlif vaxtlarda Ermənistan sərhəd xətlərini Gürcüstana tərəf “sürüşdürür”. Hətta bu günlərdə “Kavkaz plyus” portalı açıq şəkildə yazmışdı ki, Ermənistan Gürcüstan torpaqlarını işğal edərək separatçılıq edir. Ərazilərin birində isə ermənilər sərhədi 400 metrdən çox şimala çəkiblər və nəticədə gürcü ruhani və zəvvarların əvvəllər ziyarət etdikləri Xujabi monastırı erməni nəzarəti altına keçib. Nəticə etibarilə Türkiyədən Azərbaycana qədər bütün Gürcüstan-Ermənistan sərhədi qanunsuz olaraq şimala “sürüşdürülüb”. Ermənistan hakimiyyəti Gürcüstanın onlarla kvadrat kilometr ərazisinə qanunsuz olaraq “sahiblik” edir. Özü də bunlar Gürcüstanda erməni separatçılıq təhdidinin hələ də davam etdiyi bir şəraitdə baş verir. Belə ki, Gürcüstan üçün Cavaxetiya məsələsi hələ də kifayət qədər aktualdır. Hazırda Cavaxetiyada ermənilərə ən böyük dəstəyi Ermənistan kəşfiyyatı verir. Erməni kəşfiyyatı insanlar arasında hay-küy yaratmağa və istənilən halda onları Gürcüstandan soyutmağa çalışır. Bu ərazidə 250 min erməni yaşayır. Cavaxetiyada əhalinin 55%-ni təşkil edən ermənilər hakimiyyətdən narazıdır və onlar hər an təxribat törətməyə də hazırdır. Cavaxetiya əhalisinin silahlanması da ciddi təhdid kimi göstərilir. Burada vaxtaşırı aparılan əməliyyatlarda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən çoxlu sayda silah və döyüş sursatı yığılır.
Xatırladaq ki, Ermənistan özü də dəfələrlə Cavaxetiya regionunda yaşayan erməni əhalinin Gürcüstan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalmasına dair ittihamlarla çıxış edib. Ermənilərin fikrincə, bu ərazilər əslində Gürcüstan ərazisi deyil. Dünya erməniləri də hesab edir ki, vəziyyət belə olacağı təqdirdə Gürcüstan hakimiyyətinin gedə biləcəyi yeganə yol Samsxe-Cavaxetiyaya muxtariyyət vermək və bu regionda erməni dilini ikinci dövlət dili elan etməkdir. Lakin rəsmi Tiflis buna qarşı çıxır. Buna rəğmən, ermənilər İrəvandan aldıqları dəstəklə məkrli niyyətlərini burada reallaşdırmaqda maraqlı tərəf olaraq qalır. Baş verənlərə paralel olaraq sərhədlərin “sürüşdürülməsi” məsələsi Gürcüstan üçün daha böyük təhlükəyə çevrilir. Məlumatlara görə, Ermənistan tərəfi Gürcüstan ərazisinə qanunsuz olaraq hərbi bölmələrini də daxil edir. Ekspertlər bildirir ki, bununla ermənilər Gürcüstan ərazisində hərbi əməliyyatları tətikləməyə çalışır. Bu zaman Rusiyadan aldığı dəstəklə İrəvan Cavaxetiya fonunda ikinci Qarabağ ssenarisinin işə düşə biləcəyinə ümid edir. Ümumilikdə, Qafqazda potensial münaqişə ocağı olan Cavaxetiya problemi təkcə Gürcüstan üçün deyil, bütövlükdə Qafqazda sülhün və sabitliyin davamlılığı, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər doğurur. Belə ki, Gürcüstandan qopmuş Cənubi Osetiya ilə cənubdan potensial separatizm ocağı olan Cavaxetiya da Gürcüstandan qoparsa, bu ölkənin ərazisi faktiki olaraq iki hissəyə bölünmüş olar. Belə vəziyyətdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan neft-qaz boru xətləri üçün də təhlükə yaranır. Bu halda erməni separatçılığının dayandırılması üçün gürcü tərəfinin, onun Qərb dəstəkçilərinin daha qəti hərəkət etməsi vacibdir. Eləcə də sərhəd məsələsi artıq öz həllini tapmalıdır.
Onu da bildirək ki, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası hələ də Ermənistan tərəfinin mövqeyinə görə aparılmır. Hesab olunur ki, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası aparılmasa, Tiflis erməni təhdidindən daha çox əziyyət çəkəcək. Baş verənlər ermənilərlə sərhəd zonalarda yaşayan yerli əhalini, o cümlədən Gürcüstan azərbaycanlılarını da ciddi şəkildə narahat edir. Yerli əhali Gürcüstanın rəsmi dairələrinə şikayət etsə də, hələlik nəticə yoxdur. Ermənistan sərhədçiləri isə sərhəd xəttini yavaş-yavaş sərhəd kəndlərinin ərazilərinə doğru "sürüşdürür". Bu mənada, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsinin Salome Zurabişvili tərəfindən gündəmə gətirilməsi təsadüfi sayılmır. Sərhəd problemi çözümünü tapmasa, Ermənistanın Gürcüstan ərazisindəki təxribatları davam edəcək. Belə vəziyyət isə artıq bütün region üçün böyük təhlükə sayılır. Bu mənada, ermənilərin separatçı niyyətlərinə qarşı daha sərt addımlar atılması, dünya dövlətlərinin də bu prosesdə iştirakı olduqca önəmlidir. Əks təqdirdə ermənilər üzündən Qafqazda yeni potensial münaqişə ocaqlarının olması qaçılmazdır.
Nahid SALAYEV