Növbədənkanar parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, maraqlı proseslərin şahidi oluruq. Parlamentin buraxılmasına səs vermiş millət vəkillərinin böyük əksəriyyəti yenidən deputat olmaq istəklərini ortaya qoyurlar. Artıq 30-a yaxın belə millət vəkili rəsmən yenidən namizəd olmaq istədiyi dairənin adını da açıqlayıb. Maraqlıdır ki, onların sırasında yaşı 80-ni keçənlər də var.
Təbii ki, parlamentin buraxılmasına səs vermiş millət vəkillərinin bu davranışları sosial şəbəkələrdə ciddi etirazla qarşılanır. Orada belə iradlar səslənir ki, parlament məhz onların fəaliyyəti qaneedici sayılmadığı səbəbindən buraxılıbsa və buna şəxsən özləri səs veriblərsə, yenidən deputat olmaq istəməyin nə adı ola bilər? Daha bir vacib irad parlamentin buraxılmasına səs vermiş müxalif və müstəqi millət vəkillərinin seçicilərə hörmətsiz yanaşmaları ilə bağlıdır. Hesab edilir ki, həmin deputatlar mütləq niyə parlamentin buraxılmasına və öz fəaliyyətlərinin dondurulmasına səs vermələrini seçicilərlə məsləhətləşməli və ən əsası isə atdıqları addımın izahını onlara verməliydilər. Belə addımın deputatlar tərəfindən atılmaması nəyin əlaməti sayıla bilər?
İsmayıl Ağayev: “Seçicisi ilə hesablaşmayan deputat yaxşısı budur yenidən seçici qapısına gəlməsin”
Ötən seçkilərdə millət vəkilliyinə namizəd olmuş, lakin deputat seçilə bilməyən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə seçicilərə hörmətsizlik əlamətləri var: “Mən ötən seçkilərdə namizəd olmuşam. Seçki prosesinin necə çətin iş olduğunu bilirəm. Seçicidən səs almaq üçün adam qapı-qapı gəzir, onlara müəyyən vədlər verir. Təbii ki, mən bunu həqiqi seçki kampaniyası aparanlara şamil edirəm. Sonda kim deputat seçilirsə, deməli, həmin seçicilərin səsi olaraq parlamentdə oturmaq hüququnu qazanır. Hətta ən xırda detalları belə həmin deputat gəlib seçicilərlə məsləhət etməlidir. Burada isə söhbət seçicilərin verdiyi səsin taleyindən gedir. YAP-ın deputatlarını başa düşdük, onlar partiyanın ümumi qərarına tabe olublar. Bəs digərləri? Onların arasında özünü müxalif, hətta müstəqil sayanlar var. Niyə bir millət vəkili seçiciləri yığıb atdığı addımın izahanı vermədi? Bunu etmək onların həm də hüquqi borcuydu. Ən maraqlısı isə budur ki, bunların heç birini etməyənlər yenidən gəlib məhz həmin seçicilərin səsini təkrarən qazanmaq istəyirlər. Çox biabırçı bir mənzərədir. Onların özləri utanıb, bu marafondan çəkilməlidirlər. Biz parlamentin cavanlaşmasının istəyirik, 80 yaşında deputatlar yenidən iddialarını ortaya qoyurlar. Parlamentin yaxşı işləmdəyini əsas götürürüksə, köhnələr yenə meydandadır. Hüquq insana müəyyən addımları atmağa imkana verə bilər, bəs mənəvi dəyərlər harada qaldı? Hesab edirəm ki, bu yolu seçən deputatlar üçün seçki təbliğatını aparmaq da asan olmayacaq. Elə ilk anda opponentləri bu iradları onlara tutacaqlar. Çox da ciddi, seçicinin rəyini dəyişə biləcək arqumentlərdir. Seçicisi ilə hesablaşmayan deputat yaxşısı budur yenidən seçici qapısına gəlməsin”.
Məhəmmədəli QƏRİBLİ