Ermənistan Baş Prokurorluğu 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməyə qərar verib. Erməni KİV-nin verdiyi məlumata görə,
bu barədə prokurorluğun sözçüsü Arevik Xaçatryan bildirib. Onun sözlərinə görə, parlamentə hücumda öldürülən spiker müavini Yuri Baxşyanın arvadı Anait və onun nümayəndəsi terror aktı barədə ədalətli qərar qəbul edilməməsi barədə şikayət edib: “Şikayət Baş prokuror tərəfindən təmin edilib və iş davam etdirilməsi üçün istintaq orqanına göndərilib”.
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup cinayətkar parlamentə daxil olaraq iclas zalını odlu silahlardan davamlı atəşə tutmuşlar. Cinayətkar dəstə özlərilə bir neçə nəfəri girov götürmüşdü. Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülmüşdü.
Beş il sonra 7 terrorçunun məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, digəri isə 14 il azadlıqdan məhrum edilib. Lakin terror aktının əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.
Ermənistan cəmiyyətində belə yekdil rəy formalaşıb ki, həmin hadisənin sifarişçisi Rusiya olub. Bu fakt rəsmən öz təsdiqini tapmasa da, zaman-zaman bu istiqamətdə müzakirələr aparılır. Paşinyandan əvvəlki hakimiyyət həmin cinayət işini xitama göndərib. Yəni terror aktının sifarişçiləri ilə bağlı hüquqi araşdırma yarımçıq saxlanıb.
Paşinyan hakimiyyətinin bu son addımı növbəti anti-Rusiya gedişi kimi qiymətləndirilir. Paşinyan bununla Ermənistan cəmiyyətində Rusiyanın nüfuzunu tamamilə heçə endirməyi hədəfləyə bilərmi?
Əhəd Məmmədli: “Sadəcə, ictimai rəydə Rusiyanı hörmətdən salmağa çalışır”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, bu, təsadüfi hadisə sayıla bilməz: “Təbii ki, belə işlərin hamısının icazəsi Paşinyandan alınır. Baş verən məlum terror hadisəsinin üstündən 20 il keçəndən sonra onun yenidən araşdırılması ilə Paşinyan cəmiyyətə müxtəlif mesajlar verir. Demək istəyir ki, keçmiş hakimiyyət bunu araşdırmaqda maraqlı olmayıb. Deməli, onların da bu məsələdə maraqları və əlləri ola bilər. Faktiki olaraq bununla Paşinyan özündən əvvəlki “Qarabağ klanı”nın hakimiyyətini öz xalqına qarşı cinayət törətməyə, onun nəticələrini ört-basdır etməyə şərik saymış olur. İkinci tərəfdən isə Paşinyan bununla Rusiyaya qarşı kompromat toplayır. Çünki Ermənistan ictimai rəyində bu fikir hakimdir ki, bütün bu cinayətin törədilməsində məqsəd Ermənistanın o vaxtkı rəhbərliyini Dağlıq Qarabağ probleminin həlli ilə bağlı getmək istədiyi güzəştlərdən çəkindirmək olub. Bu miqyasda hadisənin isə yalnız Rusiyanın dəstəyilə törədilə biləcəyinə dair rəylər daha çox səslənir. Paşinyan çalışır ki, bu şayiələri hüquqi sənədə salsın və əlində Rusiyaya qarşı bir dəlil tuta bilsin.
Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə soyuq mehlər əsir. Rusiyanın həmin ölkədəki səfirinin son mətbuat konfransında dediyi fikirlər buna sübutdur. Səfir dedi ki, müttəfiq axtarışını bir qədər yumşaq edin. Bu xəbərdarlıq göstərir ki, Paşinyan Rusiyanın caynağından çıxmağa can atır, amma bunu edə bilmir. Hələlik isə Ermənistanın daxili işlərinə aid olan problemləri qabartmaqla, Rusiyanı maksimum dərəcədə hörmətdən salmağa çalışır. Mən inanmıram ki, həmin cinayət işinin bərpası ilə Paşinyan konkret olaraq Rusiya amilinin sənədə salınmasına nail ola biləcək. Sadəcə, ictimai rəydə Rusiyanı hörmətdən salmağa çalışır, vəssalam. Həmin hadisəni törədənlər həbsdədir, bəziləri azad olunub, bəzliləri isə ölüb. Yəni cinayətə görə cəzalar verilibsə, burada araşdırmalı nəsə qalmır”.
Məhəmmədəli QƏRİBLİ