Bələdiyyə seçkilərində rəsmi bir nəticənin elan olunmasından sonra ortaya çıxan rəqəm sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Xətai Bələdiyyəsinə keçirilən seçkilərdə Araz Əlizadənin rəhbəri olduğu ASDP-nin təmsilçisi kimi iştirak edən Abdullayeva Səbinə Hidayət qızının 22362 səs topladığı məlum olub. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu sayda səsin toplanmasına bir qədər şübhəli yanaşılır.
Aparılan müzakirələrdə bildirilir ki, bu qədər səsi heç millət vəkilləri toplaya bilmirlər. Cəmiyyətdə elə də populyar olmayan bir xanımın bu qədər səs toplaması doğrudan da maraqlı görünür. Həmin dairədən bələdiyyə üzvlüyünə namizəd olan digər alternativləri xanımın kütləvi səs toplamasına şübhəli yanaşırlar. Maraqlıdır, bələdiyyə üzvü seçilməsi üçün bu qədər səsin toplanması mümkündürmü? Ümumiyyətlə, bələdiyyə üzvü seçilmək üçün hansısa sayda səsin toplanması yetərli sayılır?
Biz ilkin olaraq məlum nəticəyə imza atmış S.Abdullayeva ilə bağlı bir araşdırma apardıq. MSK-nın məlumatlarında onun seçkiyə ASDP üzvü kimi qatıldığı qeyd edilir. S.Abdullayeva, eyni zamanda, aktiv sosial şəbəkə istifadəçisidir. Maraqlıdır ki, onun sosial şəbəkələrdə olan hesablarını analiz etdikdə həmin partiya ilə bağlılığını sübut edən hər hansı məlumata və ya paylaşıma rast gəlinmir. Səbinə xanımın özü ilə əlaqə saxlayıb, bu uğurunun sirləri ilə maraqlanmaq istəsək də, xanım suallarımıza cavab vermək istəmədi. Apardığımız araşdırma zamanı həm də məlum oldu ki, Səbinə xanım bundan əvvəl də Xətai Bələdiyyəsində təmsil olunub. Yəni bu onun həmin bələdiyyəyə təkrar seçilməsi anlamına gəlir.
Abil Bayramov: “Elə kənd bələdiyyələri var ki, ora seçilmək üçün cəmi 1000 səs də kifayət edir”
Bələdiyyələr üzrə ekspert Abil Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq olar: “Birincisi budur ki, həmin adam deyilən sayda səsi toplamağa qadirdir və ya yox? Təbii ki, artıq bunu biz buradan mübahisələndirə bilmərik. Çünki seçkilər keçirilib və proseslərlə bağlı müşahidələr aparılıb. Hər hansı bir nöqsanın olması ilə bağlı MSK-ya müraciət olunmalıdır. Hər hansı namizəd MSK-nın da rəyi ilə razılaşmasa, məhkəməyə şikayət verə bilər. İkinci detal isə deyilən sayda səsin toplanmasının mümkün olub-olmadığı ilə bağlıdır. Bu məsələdə vətəndaşlarımızı apardıqları müqayisələr çaşdırır. Elə kənd bələdiyyələri var ki, ora seçilmək üçün cəmi 1000 səs də kifayət edir. Sizin dediyiniz nəticə isə Bakının rayonlarından birində qeydə alınıb. Müqayisə üçün baxın, Nizami, Nəsimi rayonlarında da bənzər rəqəmlərlə qalibiyyətlər elan edilib. Bakının rayonlarında bələdiyyələri çoxlu sayda əhali əhatə edir. Bir daha deyirəm, kiminsə o səsi toplayıb-toplaya bilməməsi ilə bağlı konkret nəsə demək olmaz. Ancaq Bakı rayonlarında deyilən sayda səsin toplanması seçici sayına tam uyğundur. Əgər siz ötən seçkilərdə məhz həmin ərazilərdə toplanan səsləri araşdırsanız, oxşar rəqəmlər ortaya çıxacaq. Burada seçici sayı ilə disbalans yoxdur”.
Məhəmmədəli QƏRİBLİ