Məlum olduğu kimi, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Sözügedən seçkilər sayca beşinci bələdiyyə seçkiləri oldu. Seçici hüququna malik ölkə vətəndaşları növbəti 5 il üçün yerli özünüidarəetmə orqanlarına üzv seçilmək istəyən namizədlərə etimad göstərdilər.
Seçki kampaniyasının başlanmasına start verildiyi gündən Seçki Məcəlləsinin tələblərinə və MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun qaydada bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi, seçkilərə hazırlıq mərhələsi, qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla reallaşdı. Səsvermə isə ölkə üzrə 7 seçki dairəsi (Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonlar) istisna olmaqla, ümumilikdə, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində keçirildi. Ölkə üzrə səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfər idi.
Onu da diqqətə çatdıraq ki, bələdiyyə seçkilərindən əvvəl və onun gedişində aqressiv müxalifət öz ənənəsinə sadiq qalaraq bu seçkiləri də gözdən salmaq, yerli idarəetmənin rolunu şübhə altına almaq istiqamətində uğursuz təbliğat aparmağa cəhdlər göstərdi. Lakin əhalinin seçkilərə göstərdiyi maraq və ictimai fəallıq onların cəmiyyətlə ayaqlaşa bilmədiklərini və xalqın arasında nüfuzlarını tam olaraq itirdiklərini bir daha sübut etdi. Seçkilərə 13 siyasi partiya qatıldı. Ancaq müxalifət partiyaları bələdiyyə seçkilərindən məğlubiyyətlə çıxdılar. Seçicilər müxalif partiyadan olan namizədlərə etimad göstərmədilər.
Bütün bunlarla yanaşı, maraqlıdır, müxalifətin bələdiyyə seçkilərindən məğlubiyyətlə çıxmasının səbəbləri nə ilə bağlıdır?
“...bələdiyyə seçkilərindən müxalifət məğlubiyyətlə çıxdı”
Sözügedən məsələyə aydınlıq gətirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müxalifətin məğlubiyyətinin səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bələdiyyə seçkilərindən müxalifətin məğlubiyyətlə çıxmasının başlıca səbəbi onların seçici elektoratının zəif olmasıdır. Məsələ ondadır ki, bunların sosial bazası zəifdir. Seçkidə iştirak etmək üçün resursları, demək olar ki, minimumdur. Ona görə də digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də məğlubiyyətə uğradılar. Görünən odur ki, müxalifət partiyaları cəmiyyətdə dayaq tapa bilmirlər. Hansısa partiyanın qələbəsi onların tərəfdarlarının və seçicilərin sayı ilə ölçülür. Müxalifət partiyalarında o baza zəif olduğuna görə seçkilərdə məğlub olurlar. Bu səbəbdən son bələdiyyə seçkilərindən müxalifət məğlubiyyətlə çıxdı. Məğlubiyyətin bir səbəbi də müxalifət partiyalarının seçicilərlə işləməməsidir. Müşahidələr göstərir ki, sözügedən partiyalar seçicilərlə işi qura bilmirlər. Seçkilərdə iştirak etmək, qələbə çalmaq üçün beynəlxalq təcrübə var. Yəni bunun üçün 3 resurs olmalıdır. Bunun üçün insan resursu, maddi resurs və vaxt resursu olmalıdır. Sözügedən resursu olmayan namizəd, siyasi partiya qələbə çala bilməz. Müxalifətin sözügedən resursları olmadığına görə seçkidə məğlub oldu”.
Vidadi ORDAHALLI