Məlum olduğu kimi, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Belə ki, 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib. Ökə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.
Müşahidələr göstərir ki, hər bələdiyyə seçkilərində seçici fəallığı aşağı düşür. Müqayisə üçün qeyd edək ki, bundan əvvəl sonuncu bələdiyyə seçkiləri 2014-cü ilin dekabırında keçirilib. Həmin seçkilərdə seçici fəallığı 38,92 faiz olub. Ondan əvvəl 2009-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 42,55 faiz olub. Həmçinin, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 49,65 faiz olub. Ən çox seçici fəallığı 1999-cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkilərində özünü göstərib. Belə ki, həmin seçkilərdə seçici fəallığı 58 faizdən yuxarı olub. Görünən odur ki, indiyə qədər ölkədə keçirilən 5 bələdiyyə seçkisi zamanı hər dəfə seçici fəallığı aşağı düşüb.
Maraqlıdır, bu nə ilə bağlıdır?
“Vətəndaşlar gözləyirdilər ki, bələdiyyələr onlara yaxşı və keyfiyyətli ictimai xidmətlər göstərəcəklər”
Məsələyə münasibət bildirən bələdiyyə sahəsi üzrə ekspert Abil Bayramovun sözlərinə görə, seçici fəallığının aşağı düşməsi bir sıra amillərlə bağlıdır: “1999-cu ildə ilk bələdiyyə seçkiləri keçiriləndə insanların bələdiyyələrə böyük inamı var idi. Yerli özünüidarə kimi bələdiyyələrin əhalinin problemlərinin həllində böyük rol oynayacağına inanırdılar. Ancaq bələdiyyələrin səlahiyyətinin az olması və digər amillər seçicilərin inamına mənfi təsir etdi. Nəticədə əhalinin də bələdiyyələrə inamı azaldı. Deməyim odur ki, bu, əhalinin bələdiyyələrlə bağlı gözləntilərinin aşağı düşməsi ilə bağlıdır. Məsələ ondadır ki, bələdiyyələrlə bağlı gözləntilər özünü doğrultmayanda bu, seçici fəallığının aşağı düşməsinə gətirib çıxarır. Bələdiyyə seçkilərində iştiraka maraq azalır. Vətəndaşlar gözləyirdilər ki, bələdiyyələr onlara yaxşı və keyfiyyətli ictimai xidmətlər göstərəcəklər. Bu xidmətlərə görə vətəndaşlar məmnun qalacaqlar. Ancaq təəssüflər olsun ki, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən bu baş vermədi. Reallıq odur ki, bələdiyyələrin belə bir imkanı yoxdur. Ona görə də insanlar fikirləşirlər ki, bələdiyyə institutu səmərəsiz bir təsisatdır. Bu səbəbdən seçkilərə getməkdə maraqlı deyillər. Hər dəfə bələdiyyə seçkilərində seçici fəallığının aşağı düşməsi bu amillərlə bağlıdır”.
Vidadi ORDAHALLI