Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətinin prioriteti olub və prioriteti olaraq qalır:
“Rusiya tərəflər üçün məqbul variantlar əsasında problemin sülh yolu ilə həllinə çalışan bir vasitəçidir". Səfir sonra bildirib ki, Rusiya-Ermənistan münasibətləri dünyada cərəyan edən münasibətlər sisteminə adaptasiya edilməlidir: “Biz Ermənistanda gedən prosesləri yaxından izləyirik. Müttəfiq axtarışı Ermənistanın suveren işidir, ancaq bu, elə yumşaq tərzdə aparılmalıdır ki, ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməsin”.
Erməni KİV-i səfirin bu xəbərdarlığını ünvanlarına olan hədə kimi qəbul edir və qeyd edirlər ki, səfir münasibətlər sistemində soyuqluq yaradan elementləri təəssüf ki, öz adları ilə söyləmir.
Səfirin çıxışı niyə Ermənistanda ciddi narazılıq yaradıb?
Hatəm Cabbarlı: “Paşinyan hakimiyyəti nə qədər manevrlər etməyə can atsa da, Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlamağa məhkumdur”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə bildirdi ki, səfirin bu sözündən Ermənistan cəmiyyətinin narahatlıq keçirməsi təbiidir: “Çünki, faktiki olaraq, Rusiyanın Ermənistandakı səfiri İrəvanın yeni müttəfiq axtarışına çıxdığından xəbərdar olduqlarını dilə gətirib. Ancaq bunu çox diplomatik tərzdə ifadə edib ki, Ermənistan belə səyləri bir qədər ehtiyatla həyata keçirməlidir. Son vaxtlar Ermənistanın doğrudan da belə çabaları ciddi nəzərə çarpır. Xüsusilə də ABŞ Senatının qondarma soyqırımı qəbul etməsindən sonra Ermənistandan Vaşinqtona meyl daha da artıb. Burda ABŞ-dakı erməni lobbisinin də rolunu xüsusi qeyd edə bilərik. Onlar Senatın jestini əsas tutaraq, Ermənistan hakimiyyətinə Rusiyadan uzaqlaşıb, ABŞ-a daha çox meyl etməyi tövsiyə edirlər. Təbii ki, Rusiya bunların hamısını görür və öz ehtiyat tədbirlərini nəzərdə tutur. İlk belə tədbiri bu oldu ki, səfirin dili ilə Ermənistanı xəbərdar etsin. Proseslərin ardı Ermənistanın davranışından asılı olacaq”.
Ekspertin sözlərinə görə, Ermənistanın bəhanəsi Rusiya üçün keçərli deyil: “Onlar guya Rusiyadan Azərbaycan və Türkiyə ilə yaxınlığa görə incimək istəyirlər. Amma Rusiya üçün belə arqumentlər keçərli deyil. Böyük bir güc kimi, Rusiya manevr imkanlarını öz daxili işi sayır və kiməsə imkan verməz ki, bu yöndə ona məsləhət versin. Ermənistan bu münasibətlər kontekstində Rusiya ilə paritet əsaslarla danışa bilməz. Çünki vassal ölkənin belə bir gücü yoxdur. Paşinyan hakimiyyəti nə qədər manevrlər etməyə can atsa da, Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlamağa məhkumdur. Real vəziyyət Ermənistana bu istiqamətdə ciddi manevr şanslarını tanımır”.
Məhəmmədəli QƏRİBLİ