Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Nikol Paşinyan iqtidarının kifayət qədər naşı və ziddiyyətli siyasət sərgiləməsi bu gün işğalçı Ermənistanın özündə belə böyük narazılıqla müşayiət olunmaqdadır. Bu xüsusda səslənən fikirlərdən belə bəlli olur ki, Paşinyanın mövcud Qarabağ siyasəti prosesin dinc müstəvidə çözümünü sadəcə dalana dirəyir.
Erməni analitik Karen Bekaryan da bununla bağlı açıq mətnlə vurğulayır ki, Qarabağ məsələsi, danışıqlar prosesi, həll prosesi ilə heç vaxt maraqlanmayan bir adam və onunla birlikdə bir komanda Ermənistanda hakimiyyətə gəlib. Belə vəziyyət, öz növbəsində, hadisələrin daha təhlükəli məcrada inkişafına zəmin yaradır ki, Ermənistan da bundan əziyyət çəkən əsas tərəfə çevrilir.
Bekaryanın sözlərinə görə, həm cəhalət, həm ambisiyalar problemi, həm də institutların fəaliyyətsizliyi Azərbaycanın beynəlxalq ictimaiyyət arasında da mövqelərinin əsaslı surətdə güclənməsinə gətirib çıxarıb: “Bakının fəaliyyəti ilə Ermənistanda yaxından maraqlanmayıblar. Maraqlanmamaq müəyyən bir müddət məlumatsızlıq yaradıb ki, nəticədə Azərbaycan öz maraqlarını daha ardıcıl şəkildə irəli apara bilib”. Analitik qeyd edib ki, Ermənistandakı bu durum və Qarabağ məsələsində ziddiyyətli davranışı təhdidlərin çoxalmasını, müharibə təhlükəsinin artmasını şərtləndirib:“Azərbaycan imic formalaşdırıb ki, onlar məsələnin danışıqlar yolu ilə həll olunması üçün vaxt verəcək qədər yaxşıdırlar. Bunu da indi bütün dünya qəbul edir. Bakı göstərir ki, Ermənistan verilən fürsətdən istifadə edə bilmədyindən savaşdan başqa alternativi qalmır”. Elə Ermənistan Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov da məsələyə eyni prizmadan yanaşır. Ermənistan parlamentinin sabiq sədr müavini olan bu şəxs bildirib ki, Paşinyanın səsləndirdiyi cəfəngiyatlar Qarabağ məsələsində İrəvanı daha çətin duruma salır:"Məsələn, baş nazir vurğulayır ki, aprel döyüşləri Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması üçün Rusiya və Azərbaycan tərəfindən razılaşdırılmış müharibə olub. Nikol Paşinyan nə danışdığının fərqindədir? Bir dəfə də onu çağırın və soruşun ki, bu cür informasiya onda haradandır? O hələ də belə açıqlamalarla Rusiya ilə münasibətləri korlamaqda, Ermənistanı çətin vəziyyətə salmaqda davam edir". Bununla yanaşı, Şarmazanov qeyd edib ki, bütöv bir il ərzində Paşinyanın danışdığı heç olmasa bir "agent" belə aşkara çıxarılmayıb:"Ötən ilin əvvəllərində biz Paşinyan tərəfindən İranda xarici agentlərlə bağlı bəyanata şahid olduq, bir il keçib və o, hansısa xarici agentin adını açıqlamayıb. Üstəlik, təhlükəsizlik orqanları hansısa xarici agenti aşkara çıxarmayıb və zərərsizləşdirməyib. Bu sadəcə rüsvayçılıqdır. Dövlət başçısı xarici agentlə məşğul olan siyasi xadimlərin olduğunu bildirdiyi halda, bu bütöv bir il ərzində heç olmasa bir agent belə aşkara çıxarılmayıb. Onun Qarabağ məsələsinə yanaşması da belə əsassız mövqelər üzərində qurulub. Bu hal da Ermənistanı indi beynəlxalq miqyasda çətin vəziyyətdə qoyur, Azərbaycanı isə daha güclü mövqe sahibinə çevirir". Partiya sözcüsü 2019-cu ilin Paşinyan və komandasının həyata keçirmədiyi vədlər ili olduğunu bildirib:"2019-cu il siyasi mənada Paşinyan və hakim komandanın həyata keçirmədiyi vədlər ili idi. Nəinki yerinə yetirilməmiş vədlər, həmçinin absurd bəyanatlar və dövlət institutlarına hücum ili idi. Bir il sonra bizim yerinə yetirilməmiş vədlərimiz var. Ölkəyə gələn yoxdur, üstəlik, rəsmi məlumatlara görə, Ermənistan əhalisinin sayı təxminən 12 min nəfər azalıb. İnvestisiyalar yoxdur, investisiyalar təxminən 60 milyon dollar azalıb. Ermənistanın regionda və xaricdə mövqeyi zəfiləyir. Belə vəziyyətdə bizi Qarabağ məsələsində də müsbət heç nə gözləmir. Ölkənin zəifləməsi Azərbaycanı, onun yaxını Türkiyəni Ermənistana daha çox təzyiq göstərməyə həvəsləndirəcək. Bizim isə artıq hansısa arxalana biləcəyimiz müttəfiqimix yoxdur. Paşinyan hamını Ermənistandan uzaq salır".
Şarmazanov etiraf edir ki, bu vəziyyətdə Qarabağ münaqişəsinin hərbi həlli Ermənistan üçün böyük təhdidlər deməkdir. Erməni ekspert Kiro Manoyan da bildirir ki, yeni savaş başlasa, bu, aprel döyüşlərindən də təhlükəli olacaq:“Bu hakimiyyət Qarabağ məsələsinin həllində nə strategiyaya, nə də konsepsiyaya malikdir və müxtəlif anlarda müxtəlif şeylər söyləyir. Bütün bunlar göstərir ki, strategiya və konsepsiya həqiqətən yoxdur. Belə vəziyyət bizi təhlkəli savaşa yaxınlaşdırır”. Manoyanın sözlərinə görə, danışıqlar masasında həqiqətən də mərhələli həll sənədinin olub-olmamasından asılı olmayaraq, bu kimi cəhdlər hələ 5-6 il əvvəl olub:“Bu ana qədər danışıqların mahiyyəti bu olub ki, həll planı mərhələlərlə həyata keçirilə bilər. Digər tərəfdən, strategiyaya malik olmamaq bizi təhlükəyə ata bilər. Hesab edirəm, növbəti müharibə 2016-cı ildəkindən daha ağır olacaq, çünki Azərbaycan hazırlıq görüb. Müharibə qaçılmazdır. Biz hər zaman buna hazır olmalı olsaq da reallıq fərqlidir. Ermənistan azərbaycanla döyüşə hazır sayıla bilməz”.
Maraqlıdır ki, Paşinyana yaxınlığı ilə tanınan Ermənsitanın “Sasna Tsrer” partiyası da hakimiyyətin Qarabağ siyasətindən narazılıq edir. “Sasna Tsrer” partiyasının yaydığı bəyanatda bu xüsusda qeyd olunur:“2019-cu il dekabrın 23-də baş tutmuş təhlükəsizlik şurası iclası zamanı Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar bu nəticəyə gəlməyə vadar edir ki, o, xüsusilə Qarabağ məsələsində ziddiyət bataqlığında batır. O, “Qarabağ Ermənistandır, vəssalam” bəyanatına paralel olaraq Qarabağın Ermənistandan ayrılmalı və Ermənistanın hesabına subyektləşməli olduğunu, buna görə də oradakı “seçki” teatrını qınayanların sülhə təhlükə yaratdığını iddia edir. Bu ziddiyət o qədər dərinləşib ki, utancverici nəticəyə çatıb, baş nazir Milli Təhlükəsizlik Şurasının iclasını “1 mart” və “Laçın qırğınının” (Jirayr Sefilyan və tərəfdarlarının polis tərəfindən döyülməsi.) cəlladı, bədnam general Samvel Karapetyanla birlikdə keçirir. Biz bənzər siyasəti qınayırıq və iddia edirik ki, o, Ermənistanın suverenliyinə ciddi təhlükə yaradır, Moskva və Bakının su dəyirmanını su ilə doldurur”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan isə vurğulayır ki, Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar prosesində Ermənistan artıq əlverişli gündəmi itirib:"Bu gündəm Ermənistan hakimiyyətinin səyləri sayəsində əldən verilib. Nəticədə, bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının faktiki olaraq legitimliyi aldığını görürük. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin müxtəlif rəsmiləri danışır. Növbəti problem hakimiyyətin səsləndirdiyi düsturdur. Həmin düstura görə, istənilən nizamlama Ermənistan, Azərbaycan və Qarabağ üçün əlverişli olmalıdır. Bu, "öz müqəddəratını təyinetmə hüququ" ilə tamamilə ziddiyyət təşkil edir”. Onun sözlərinə görə, indi Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən zərərçəkmiş kimi qəbul edilir və ölkə daha bir hərbi hücuma haqq qazandıra biləcək dəlillər arsenalını əldə edib. Şahnazaryan hesab edir ki, hərbi əməliyyatlar təhlükəsi xeyli artıb və müharibə hər an başlaya bilər. Bu yanaşmalardan aydın görünür ki, Qarabağ məsələsinin hərbi həll ehtimalı, əslində Ermənistanda ciddi qorxu ilə qarşılanır. Hadisələr bu səpkidə inkişaf edəcəyi təqdirdə də əsas günahkar qismində Ermənistan hakimyyəti göstərilir. Çünki məhz onun absurd mövqeyi üzündən danışıqlar prosesi dalana dirənmiş vəziyyətə düşüb.
Faktdır ki, sülh danışıqları sona qədər getməsə, Azərbaycan ordusu Ermənistana lazım olan cavabı verəcək. Ermənistanın isə ordu və digər sahələrdə ciddi problemləri getdikcə daha dəhşətli vəziyyət almağa başlayır. Məhz belə vəziyyətdə mümkün savaş Ermənistanı çökdürməkdən başqa heç nəyə xidmət etməyəcək. Hesab edilir ki, danışıqların dalana dirənməsi fonunda Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Bu fonda davamlı olaraq güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan ordusu düşməndə böyük vahimə yaradır. Çünki ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Bütün bunlar isə, Ermənistanla aparılan danışıqlar ölkəmiz üçün istənilən şərtlərlə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın güc yolu ilə istəyinə çatmasına lazımi imkanlar yaradır. Bunu, Paşinyan hakimiyyətindən fərqli olaraq, Ermənistanda aydın şəkildə sezənlərin sayı az deyil. Elə buna görə də Paşinyanın Qarabağ siyasəti Ermənistanın özündə narazılıqla qarşılanır. Beləliklə, yaranmış vəziyyət Qarabağ məsələsində yaxın tezlikdə müəyyən yeniliklərin olacağını istisna etmir. Azərbaycan ya hərb, ya da sülh yolu ilə məsələnin həllində artıq irəliləyişlərin olmasında israrlıdır. Ermənistanda hadisələrin inkişafının hansı nəticələrə gətirib çıxara biləcəyini görənlər Paşiynanın artıq müəyyən gedişlər etməsini, sülh danışıqlarında nəticə olmasını istəyir. Belələri yenidən Azərbaycanın hərbi gücü ilə qarşılaşmağın ölkələri üçün nə demək olduğunu yaxşı bilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.