Məlum olduğu kimi, Azərbaycan Rusiyanın Su-57 tipli ən modern beşinci nəsil qırıcı təyyarələrini almağa maraq göstərir.
Xatırladaq ki, bu xüsusda növbəti məlumatı Rusiyanın “Vedomosti” nəşri yayıb. Burada qeyd olunurdu ki, iki ölkə arasında hərbi texniki əməkdaşlıq məsələləri Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin bu il oktyabrın 3-də Soçi şəhərində keçirilmiş danışıqlarında da müzakirə edilib. Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarından sonra Rusiya tərəfilə silah tədarükünə dair sövdələşmə ehtimalını dilə gətirib. Bununla yanaşı, Azərbaycanın Su-57-lərə maraq göstərməsi Ermənistanın Rusiyadan Su-30SM tipli dörd qırıcı təyyarəni almasına cavab kimi göstərilir.
İndi də səslənən məlumatlardan belə bəlli olur ki, Azərbaycan istənilən halda ən müasir döyüş təyyarələrini əldə edəcək. Bunu rus ekspert Aleksandr Razuvayev də xüsusi olaraq vurğulayır. O, Rusiyanın prosesdə maraqlı tərəf qismində çıxış etdiyini vurğulayır. Ekspert bildirir ki, Rusiyanın hərbi-sənaye kompleksi neft-qaz və “Rosatom”la birlikdə qlobal iqtisadiyyatda üstünlüyu təmin edən üç rəqabət amilindən biridir. Bu fonda həm də Rusiya Qərb dünyasına aid olmayan ölkələri silahla təchiz etmək üçün bütün imkanlara sahibdir. Ekspertin sözlərinə görə, böyük gəlirlər Bakıya dünya silah bazarında özünü inamlı alıcı kimi hiss etməyə imkan verir: “Son 10 il ərzində Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya silahı əldə edib. S-300 PMU-2 zenit raket sistemlərinin iki divizionunun, 100-ə qədər T-90S tankının və 118 ədəd BMP-3 piyada döyüş maşınının, 18 özüyeriyən “Msta-S” artilleriya qurğusunun, 18 ədəd “Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma qurğularının və digər hərbi texnikanın alınması üçün müqavilələr imzalanıb. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin 3 oktyabr 2019-ci ildə Soçidə baş tutmuş görüşü zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də qaldırılıb”. Ekspertin sözlərinə görə, indi yeni və daha vacib anlaşma mümkündür:“Bakı Su-57-ləri alacaq ki, bu da Ermənistanın 4 ədəd Su-30 SM qırıcısını əldə etməsinə cavabdır. Ermənistan kasıb ölkədir, ancaq KTMT üzvüdür. Maraqlıdır ki, Bakının əsas müttəfiqi olan Türkiyə də Su-57-lərə maraq göstərir”. Razuvayev qeyd edib ki, Bakı seçim qarşısındadır, məsələn, Rusiya təyyarələrinin əvəzinə daha ucuz başa gələn Çin-Pakistan istehsalı olan qırıcıları əldə edə bilər: “Müvafiq olaraq, Bakı seçimini Moskvanın xeyrinə etsə, S-400-lərin Türkiyəyə çatdırılması halında olduğu kimi, Rusiya dövlət kreditinə arxayın ola bilər. Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır”. Bu açıqlamalardan aydın görünür ki, Rusiya özü yeni hərbi texnikaların Azərbaycana satışında maraqlıdır. Bunu şərtləndirən digər mühüm səbəblərdən biri artıq Qərb ölkələrinin Azərbaycana xüsusi maraq göstərməsi, onunla hərbi əməkdaşlığı dərinləşdirmək niyyətidir. Araşdırmalar göstərir ki, artıq 2018-2019-cu illərdə Avropanın 10-a yaxın dövləti Azərbaycana tətbiq edilən silah embarqosunu qaldırıb və ya yumşaldıb. Bu barədə “azeridefence” portalı hərbi sənaye kompleksindəki mənbələrə istinadən yaydığı məlumatda göstərir ki, belə ölkələrin arasında əvvəlki illərdə Ermənistanla hərbi münaqişəni əsas gətirərək Azərbaycana sərt embarqo tətbiq edən Qərbi və Şimali Avropa dövlətləri üstünlük təşkil edir. Embarqonun aradan qaldırılmasından dərhal sonra Azərbaycanın hərbi qurumları ilə Avropanın müdafiə sənayesi şirkətləri arasında ilk müqavilələr imzalanıb və realizasiya mərhələsinə qədəm qoyulub. Qeyd edək ki, bəzi Avropa dövlətləri eyni qaydada münaqişənin digər tərəfi olan işğalçı Ermənistana da tətbiq olunan silah embarqosunu aradan qaldırıb və ya məhdudiyyətli satışlara “yaşıl işıq” yandırıblar. Amma Ermənistan Rusiyadan başqa digər ölkələrdən silah almaq üçün həm lazımi vəsaitə malik deyil, həm də Moskva buna icazə vermir.
Azərbaycanın böyük maliyyə imkanları isə indi Avropanı və ABŞ-ı daha çox cəlb edir. Elə bu səbəbdən onların Azərbaycanla hərbi sahədə əməkdaşlıq üçün fəaliyyəti də genişlənir. Bunlar isə Rusiyanın da diqqətindən yayınmır. Moskva bu fonda Azərbaycanla hərbi əlaqələrin itirilməsini istəmir. Hətta bunun üçün Azərbaycana kreditlə hərbi məmulatları satmağa hazır olduğunu da bildirir. Məsələyə eyni prizmadan Qərb ölkələri də yanaşır. Məsələn, artıq bəllidir ki, Fransa şirkətləri Azərbaycanla mütəmadi əlaqə saxlayır. Burada söhbət Fransa hərbi sənayesində əhəmiyyətli yer tutan şirkətlərdən gedir. Onlardan biri olan “Naval Group” Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə hərbi gəmilərin inşası ilə bağlı müvafiq razılıqlar əldə edib. “ECA Robotics” şirkəti sualtı mina təmizləmə, kəşfiyyat avadanlıqları, “MBDA Systems” şirkəti isə hava hücumundan müdafiə və sahil mühafizə raket sistemlərini təklif edib. Böyük Britaniya, Norveç, İsveç, Çexiya, Almaniya kimi ölkələr də Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərir. Eləcə də ABŞ-ın böyük hərbi sənaye şirkətləri Azərbaycana maraq göstərənlər sırasındadır. Bütün bunlar onu göstərir ki, Azərbaycan kimi mühüm bir bazar uğrunda Qərb və Rusiya arasında yeni rəqabət başlanır. Bu isə Azərbaycana daha sərfəli şərtlərlə silah əldə etmək imkanları yaradır.
Nahid SALAYEV