Saxta genosid oyunu ermənilərin son illər daha çox istifadə etdiyi metodlardan biridir. 1915-ci ildə guya türklərin ermənilərə qarşı genosid törətdiyini iddia edən ermənilər indi də tamam başqa bir iddia ilə, son günlərə qədər səsləndirmədikləri bir yalanla gündəmə gəliblər. İndi də ermənilər başqa bir yalanla, həqiqətdən kənar məsələ ilə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.
Erməni mətbuatının yazdığına görə, guya ki, 1919-cu ildə Naxçıvan MR-in Ordubad rayonunun Əylis, Culfa rayonunun isə Cuğa kəndində “yerli ermənilərə qarşı azərbaycanlılar kütləvi qırğın törədib, onları genosidə mərzu qoyub” (?). Ermənilərin bununla hansı məqsəd güddükləri məlumdur.
Ermənistan Xarici İşlər Nazirliyində “1919-cu ildə Əylisdə və Cuğada ermənilərə qarşı törədilən genosidin 100 illiyi” ilə bağlı keçirilən tədbirdə rəsmi səviyyədə iddia olunub ki, guya ki, 1919-cu ilin 24-25 dekabr tarixlərində ermənilər “genosid”ə məruz qalıblar. Guya ki, 1919-cu ildə “Ermənistan dövləti” bu “genosid”lə bağlı Antanta ittifaqına üzv dövlətlərə müraciət edib, lakin bunun qarşısı alınmayıb. Bundan başqa, ermənilər həm də yalandan iddia ediblər ki, Əylisdə, Cuğada, bütövlükdə isə Naxçıvan ərazisində mövcud olmuş “erməni abidələrini” məhv ediblər, buradan ermənilərin “izlərini” siliblər. Guya Azərbaycan Ordusu “yüzlərlə erməni mədəniyyətinə aid xaçqarı vandalcasına məhv edib”. Erməni rəsmiləri işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirilən vandallıqları unudub utanmadan deyirlər ki, “Ermənistan erməni xalqının tarixi vətənlərində, o cümlədən də Artsaxda yaşamaq və inkişaf etmək hüququnu bərpa etmək əzmindədir (?)”. Bu yerdə oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.
“Bu növbəti erməni yalanıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, ermənilər nəinki 1915-ci, 1919-cu illərdə, ümumiyyətlə, tarixdə heç bir genosidə məruz qalmayıblar. Ümumiyyətlə, tarixən Naxçıvanda ermənilərin yaşamadığını, ora ilk ermənilərin XIX əsrin sonlarına yaxın Çar Rusiyası tərəfindən köçürüldüyünü deyən Q.Hacıyevin sözlərinə görə, Əylisdə, Cuğada ermənilərin hər hansı bir qırğına məruz qalması barədə iddialar növbəti erməni yalanından başqa bir şey deyil. “Ermənilərin saxta genosid oyunlarından artıq bütün dünya iyrənib. Bilirsiniz ki, ermənilər bizim torpaqlara Çar Rusiyası dövründə İran və Türkiyə ərazisindən köçürülüb. Bu bir həqiqətdir. “Albaniya, Azərbaycan yoxdur, bura Şərqi Ermənistandır” iddiasını zaman-zaman irəli sürən ermənilər saxta genosid iddialarından da əl çəkmirlər. 1919-cu ildə ermənilər yox, Azərbaycan türkləri genosidə uğrayıb, Daşnaksütyun üzvlərinin, Dronun, Njdenin, Andranikin və başqalarının dəstələri Naxçıvanda, Zəngəzurda, digər ərazilərimizdə azərbaycanlıları qırıblar, evlərini, yurdlarını talan ediblər. Ermənilərə qarşı nə Əylisdə, nə Cuğada, nə də digər yerlərdə hər hansı bir qırğın törədilməyib, bu növbəti erməni yalanıdır. Gördülər ki, qondarma erməni soyqırımı haqqında uydurmaları işə yaramır, indi də ermənilərin Azərbaycan ərazisində “genosidə” məruz qaldığını iddia edirlər. 1919-cu ildə ermənilərə qarşı heç bir qırğın baş verməyib. Ümumiyyətlə, Naxçıvanda, Əylisdə, Cuğada və digər yerlərdə ermənilərə məxsus yaşayış yerləri, qəbiristanlıqlar, abidələr olmayıb. Ermənilərin bu iddiası da həqiqəti əks etdirmir. Əylisdə, Cuğada və Naxçıvan ərazisindəki xristianlıq abidələri Albaniya dövrünə aiddir və bunun da ermənilərlə heç bir əlaqəsi yoxdur”.
1919-cu ildə Ermənistan hökumətinin Antantaya üzv dövlətlərə müraciət etməsi ilə bağlı hər hansı bir faktın olmadığını deyən Q.Hacıyev bildirdi ki, baş verməyən bir hadisə barədə hər hansı bir müraciətin edilməsi gülüncdür. “Azərbaycan torpaqlarında yaradılan həmin “Ararat” erməni dövlətinin qurulmasında həmin Antantaya üzv olan dövlətlərin az rolu olmayıb. 1918-ci ildə Qafqaz Seymi dağıldıqdan sonra Gürcüstanda müstəqil Gürcüstan Respublikası, Azərbaycanda isə Xalq Cümhuriyyəti yaradıldı. Bundan sonra isə indiki Ermənistan ərazisində erməni dövləti yaradıblar. Bunu dünya tarixçiləri də yazırlar. Hətta qeyd edirlər ki, Gürcüstan və Azərbaycan öz dövlət quruculuğu ilə məşğul olduğu bir vaxtda ermənilər əllərinə silah alıb Gürcüstana və Azərbaycana qarşı torpaq, ərazi iddiası irəli sürdülər, çoxlu soyqırım törətdilər. ABŞ-ın Qafqazdakı nümayəndəsi o vaxt ABŞ hökumətinə yazırdı ki, bizim dövlətin ayırdığı maliyyə vəsaiti ilə ermənilər məişətlərini düzəltmək əvəzinə, silah alıb başqa xalqlara qarşı basqınlar, soyqırımlar, qırğınlar törədirlər. Tarixdə yalnız türklərə qarşı deyil, digər xalqlara qarşı da genosidlər törədən ermənilərin bu gün Əylisdə və Cuğada “genosidə məruz qalmalarının 100 illiyi”ni qeyd etməsi gülüncdür. Yüz il bundan əvvəl erməni daşnakları Azərbaycan türklərini genosidə məruz qoyublar”.
İradə SARIYEVA