Bu günlərdə Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin Ermənistanın hazırkı hakimiyyətinin faşist Njde ilə bağlı sərgilədiyi siyasətə yönəlik dolayısı ilə iki zərbə vurdu.
Putin Sankt-Peterburqda çıxışında bildirdi ki, İkinci Dünya Müharibəsi ilə bağlı tarixin saxtalaşdırılması yolverilməzdir. Onun fikrincə, İkinci Dünya Müharibəsindən əvvəl tarixdəki dönüş nöqtəsi Molotov-Ribbentrop Paktı deyil, Çexoslovakiyanın bölünməsi ilə bağlı Münhen razılaşması idi. Çünki Molotov-Ribbentrop Paktı Hitler Almaniyası ilə digər dövlətlər tərəfindən imzalanmış oxşar sənədlərdəki son sənəd idi. Ondan əvvəl bir neçə sənəd imzalanıb.
İkinci məqam o idi ki, Putin çıxışında o zaman Hitlerin özü ilə görüşməyin də məsuliyyət yaratdığını qeyd edib. Rusiya lideri, eyni zamanda, vurğulayıb ki, tarixi sənədləri oxuduğu zaman kimlərin nasistləri dəstəklədiyi, kimlərin isə dəstəkləmədiyi məlum olur: "Digər ölkələrin liderlərindən fərqli olaraq, Stalin Hitlerlə görüşləri ilə özünü ləkələməyib. Stalinə olan münasibətdən asılı olmayaraq, deyə bilərik ki, o, Hitlerlə birbaşa təmasa keçməməklə özünə xələl gətirməyib. O, Hitlerlə görüşməyib. Lakin Avropanın öndə gedən liderləri bunu etmişdi”.
Rusiya lideri qeyd edib ki, 1934-cü ildən bəri, əslində, bir çox Avropa ölkəsi Nasist Almaniyası ilə "əməkdaşlıq üçün hüquqi əsas" yaratmağa başladı: “Bu dövlətlərin rəhbərlərinin böyük əksəriyyəti Hitlerlə şəxsən ünsiyyət qurdu və müvafiq sənədlərə imza atdılar”.
Bu iki məqam Njde məsələsində Putindən Paşinyana dalbadal iki zərbədir. Hansı ki, Paşinyan hər vasitə ilə Njdenin Hitlerlə görüşməsinə haqq qazandırmağa çalışır.
“Hesab edirəm ki, Putinin bu mövqeyi Ermənistana bir mesajdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bununla Rusiya Prezidenti Ermənistana öz yerini göstərmiş oldu: “Rusiyanın İkinci Dünya Müharibəsi ilə bağlı mövqeyinin bu qədər geniş müstəvidə olması əsasən faşizm ideyalarının təzahürlərinin ortaya çıxması ilə əlaqədardır. Bunun da təzahürləri əsasən Ermənistanda özünü göstərir. Sankt-Peterburqda keçirilən sammitdə Putinin Hitler və müharibə ilə bağlı qeyd etdikləri, təbii ki, sıradan bir yanaşma deyil. Ona görə ki, bu müharibədə faşizm sıralarında xidmət edənlər qəhrəmanlaşdırılır və onlara heykəllər qoyulur. Bu da faşizmin müasir dünyada yenidən inkişafına gətirə bilər. Hesab edirəm ki, Putinin bu mövqeyi Ermənistana bir mesajdır. Çünki Paşinyan Qaregin Njdeni müdafiə edir və hər vasitə ilə onun əməllərinə haqq qazandırmağa çalışır. Bununla Ermənistan liderlərinin necə bir faşist düşüncədə olduğunu göstərir. Rusiya isə faşizmə qarşı mübarizədə fəallığını qoruyub saxlamağa çalışır. Ancaq onun forpostu olan Ermənistan bu bəşəri cinayət ideyasını yaşadır. Hesab edirəm ki, Putin bu məsələdə daha da praqmatiklik nümayiş etdirib Ermənistandan bu abidənin sökülməsini tələb etməlidir. Yoxsa, MDB məkanında faşizm Ermənistan tərəfindən daha da inkişaf etdirələcək. Bütün hallarda, qeyri-rəsmi görüşdə Putinin İkinci Dünya Müharibəsi ilə bağlı məqamlara toxunması Paşinyanın Njde ilə bağlı siyasətinə zərbədir”.
Vidadi ORDAHALLI