Azərbaycanda budəfəki parlament seçkilərinin çox gərgin mübarizə şəraitində keçəcəyinə şübhə yoxdur. Biz bunu seçkiqabağı mühitdə cərəyan edən hadisələrdən də aydın sezə bilirik. Maraqlıdır ki, 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərinə Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyirlər.
İstefaya göndərilən parlamentdə təmsil olunan 20-dən çox deputat iddiasını ortaya qoyub.
Bunlar Hacı Salayev, Aqil Abbas, Ziyad Səmədzadə, Jalə Əliyeva, Zahid Oruc, Əflatun Amaşov, Sahib Alıyev, Azay Quliyev, Adil Əliyev, Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Rüfət Quliyev, Azər Kərimli, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fazil Mustafadır.
Qeyd edək ki, Milli Məclisin indiki tərkibinə daxil olan deputatların böyük çoxluğu parlamentin buraxılmasının lehinə olub. Milli Məclisin buraxılması isə Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyası ilə izah edilib. Bildirilib ki, indiki parlament yarıtmaz fəaliyyəti ilə islahatlara mane olur. Deputatlar da Milli Məclisin buraxılmasına səs verməklə bunu təsdiq ediblər. Bu baxımdan onların yenidən namizədliklərini irəli sürmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Buna baxmayaraq, köhnə deputatların çoxu elə öz seçildiyi dairədən namizədliyini irəli sürməyə üstünlük verir. Ancaq onların arasında elələri də var ki, dairələrini dəyişmək qərarına gəliblər. Köhnə millət vəkillərinin bu taktikasını nə ilə izah etmək olar?
“Onlar barədə məlumatları yeni seçicilərə də çatdırmaq lazımdır”
İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun köhnə parlamentdə təmsil olunan millət vəkillərinin yenidən deputat olmaq istəyinə münasibəti yaxşı deyil: “Bu adamların özləri səsvermədə əl qaldırıblar ki, biz yaxşı işləyə bilməmişik, bizi buraxın. Bu da baş verib. İndi bunlar yenidən niyə deputat olmağa qərar veriblər? Düzdür, hüquq bunu qadağan etmir. Ancaq manadatı daşımaq məsələsində mənəvi kriteriyalar da önəmli sayılmalıdır. Cənab Prezident yerli telekanallara verdiyi müsahibədə deputatların yarıtmaz fəaliyyətindən danışdı. Çox dəqiq də izah verdi. Bəli, elə deputatlar var ki, seçiləndən sonra bir dəfə də olsun həmin əraziyə gedib vətəndaşlarla görüşmür, onların problemləri ilə maraqlanmır. Mən yerlərdə vətəndaşlarla görüşürəm. Elə deputatlar var ki, əhali onları daşqalaq etməyə hazırdır. Deyirlər ki, birdə həmin dairəyə gəlsə, qovacayıq. Yerlərini dəyişməklə bağlı manevr edənlər də məhz deyilən kateqoriyaya aid millət vəkilləridir. Bir neçə seçkidə seçiciləri aldadıblar, indi üzləri yoxdur onlarla qarşılaşmağa. İstəyirlər ki, yerdəyişmə ilə izləri itirsinlər, indi də başqa bir dairənin vətəndaşlarını aldatsınlar. Ancaq çox nahaq belə taktika seçiblər. Azərbaycan elə də böyük ölkə deyil. Burada hamını yaxşı tanıyırlar. Bundan əlavə, texnoloji vasitələr sürətlə inkişaf edib. Məlumatın yayılması sərhəd, məsafə tanımır. Yerdəyişmə ilə xalqı aldatmaq istəyənləri heç də yaxşı aqibət gözləmir. Onlar barədə məlumatları yeni seçicilərə də çatdırmaq lazımdır. Dediyiniz kateqoriyaya aid birisi ilə mən alternativ olmaq istəyirəm. Görüm onun danışmağa bir sözü olacaqmı? Qısası, həmin adamlara demək istəyirəm ki, imkan versinlər, ölkədə normal bir parlament formalaşsın. Prosesə müxtəlif vasitələrlə mane olmasınlar”.
Məhəmmədəli QƏRİBLİ