Prezident İlham Əliyev 23 dekabr tarixində yerli jurnalistlərə müsahibəsində bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısının diqqət yönəltdiyi məsələlərdən biri də növbədənkənar parlament seçkiləri ilə bağlı idi.
Ölkə rəhbəri parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəməsə də, yeni seçiləcək deputatlara öz tövsiyələrini verib: “Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin”.
Prezident çox doğru vurğulayıb ki, bəzi şəxslər yalnız formal mandat daşıyıblar. Yəni həmin mandatın faydası yalnız özlərinə dəyib. Bir çox rayondan seçilən millət vəkillərinin isə konkret olaraq icra başçıları ilə cinayətkar sövdələşmələrə getdikləri bildirilir. İddialara görə, həmin deputatlar rayonlardan gələn şikayətləri ört-basdır etmək üçün icra başçılarından aylıq paket alıblar. Həmin sövdələşmənin şərtlərinə görə, deputat rayondan ona ünvanlanan məktubları götürüb yollanırmış elə şikayətin gəldiyi icra başçısının otağına.Orada da “səndən sənə şikayətim var” prinsipi ilə məsələ həll olunurmuş. Hətta həmin kompomatlar əsasında icra başçısı ilə deputatın cinayətkar tandemi bəzi məmurları şantaj edib pul da alırmışlar. Yəni bütün cinayətkar əməllər edilirmiş. Yeganə çalışılırmış ki, məsələ ictimailəşib, ölkə rəhbərliyinin diqqətini cəlb etməsin. Məhz bu cür fəaliyyət üzündən parlamentin buraxılması zərurəti ortaya çıxdı.
Sözsüz ki, dövlət rəhbərliyi bu cür acınacaqlı vəziyyətlə barışa bilməzdi. Cənab Prezidentin narahatlığı, ilk növbədə, bu amillə bağlıdır. Açığı, demokratik cəmiyyət quruculuğunda deputatlar da yaxından iştirak etmirdilər. Halbuki, ictimai nəzarət mexanizminin qurulmasında onların iştirakı vacibdir. Təəssüf ki, deputatlarımızın böyük əksəriyyətinin simasında bunu müşahidə edə bilmədik. Əksinə, onların işi-gücü mövcud problemləri ört-basdır etmək, ən yaxşı halda isə “malalamaqdan” ibarət idi.
Budəfəki seçkilərdə gücünü sınamaq istəyən AMİP funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, ötən seçkilərdə namizəd olub, lakin seçilə bilməyib: “Bilirsiniz ki, parlamentin buraxılması məhz belə deputatlara görə oldu. Onlar da yaxşı olar ki, bu dəfə yoldan çəkilsinlər. Baxın görün vəziyyət nə yerdədir ki, Prezident medianın yazmasını, deputatların danışmasını istəyir. Deməli, deputatların danışması özlərinə və onların sövdələşməyə getdiyi icra başçılarına sərf etməyib. Şəxsən mən görməmişəm ki, hansısa deputat parlamentdə öz seçicilərinin problemini kürsüdən səsləndirsin. Bəziləri öz övladlarının vəzifəsinə, bir çoxu isə bizneslərinə “krışalıq” ediblər. Mandatdan bu məqsədlərlə istifadə etmək olmaz. Xalqın səsinin qədrini bilmək lazımdır. Bu, müqəddəs dəyərdir. Hesab edirəm ki, yeni parlamentdə tamamilə fərqli şəxslər təmsil edilməlidir. Yaxşısı budur ki, köhnə parlamentarilər prosesdən bir qədər aralı dursunlar. Hüququ buna imkan versə də, məsələnin bir mənəvi tərəfi də var axı. Xalq bu dəfə icra başçıları ilə cinayətkar əlaqəyə girən millət vəkillərini parlamentə buraxmamalıdır. O dönəm bitdi. İndiki parlamentdə həqiqi millət vəkilləri təmsil olunmalıdır”.
Məhəmmədəli QƏRİBLİ