Erməni mətbuatı Azərbaycanla bağlı məlumatları yanlış formada təqdim etmək “ənənəsinə” sadiq qalaraq yenə də təhrifedici iddialarla çıxış edir. Erməni mediası iddia edir ki, guya Prezident İlham Əliyev yerli medianın suallarını cavablandırarkən Avropa İttifaqı ilə Azərbaycan arasındakı assosiativ sazişin imzalanmamasının əsl səbəblərini gizlədib. Onların iddiasına görə, Aİ Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmadığına görə rəsmi Bakı sazişi imzalamır.
Onu da iddia edirlər ki, yüksək səviyyəli Azərbaycan rəsmiləri Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmadığını dəfələrlə işarə ediblər. Daha sonra bunlar qeyd edilir: “Aİ Qarabağ münaqişəsinin həlli ilə bağlı üç prinsipi - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə hüququ və münaqişənin hərbi yolla həllini rədd edən ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü mübahisəsiz deyil”.
Ancaq erməni mətbuatının bu iddialarının heç bir əsası yoxdur. Çünki Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə aydınlıq gətirdi. Belə ki, ölkə başçısı ilk dəfə sazişin imzalanmasının gecikməsinin iki səbəbini göstərdi. Birincisi, Prezident qeyd etdi ki, sazişin mətninin təxminən 90 faizi razılaşdırılıb. Buna baxmayaraq, Brüsselin şərtlərindən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirməkdir. İlham Əliyevin cavabından aydın oldu ki, indiki şərtlər altında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü mümkün deyil. Çünki ucuz mallar Azərbaycan bazarını doldura bilər. Azərbaycan rəqabətqabiliyyətli məhsullar istehsal etməlidir ki, xarici mallarla rəqabətə tab gətirə bilsin. Səbəblərdən biri bununla bağlıdır.
Prezident sazişin imzalanmasının yubanmasının ikinci səbəbini də göstərdi. Avropa İttifaqı Azərbaycandan tələb edir ki, başqa ölkələrə qazı hansı qiymətə satırsa, daxili bazarda da eyni qiymətə satsın. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Çünki yerli əhali və sənaye müəssisələri üçün qazın qiymətləri artarsa, həm narazılıq, həm də yerli məhsulların qiyməti artacaq. Bakı Brüsselin bu şərtini qəbul etmir.
Göründüyü kimi, ölkə başçısı tutarlı faktlarla assosiativ sazişin imzalanmamasının səbəblərini göstərməklə erməni mediasının arqumentlərini darmadağın etdi. Digər tərəfdən, sazişin imzalanmaması o demək deyil ki, proses dayanıb. Hazırda bu istiqamətdə iş gedir. O cümlədən, sözügedən iki maneənin də aradan qaldırılması ilə bağlı işlər görülür. Ancaq bunun üçün həm də müəyyən zaman lazımdır ki, Azərbaycan Aİ ilə saziş imzalaya bilsin.
Ərazi bütövlüyü məsələsində Azərbaycanla Aİ arasında erməni mediasının iddia etdiyi kimi problem yoxdur. Əvvəl Azərbaycanın Aİ-dən belə bir tələbi olub. Yəni sazişdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qeyd-şərtsiz mövqeyin ortaya qoyulması tələb olunub. Bu məsələ həll olunub. Çünki Avropa İttifaqı necə ki, Gürcüstan, Ukrayna və Moldova ilə imzaladığı assosiativ sazişlərdə bu ölkələrin ərazi bütövlüyünə dəstək ifadə edib, eyni maddənin Azərbaycanla sazişdə də vurğulanacağı razılaşdırılıb. Məsələ ondadır ki, 11 iyul 2018-ci ildə Azərbaycanla Aİ arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dair müddəa əksini tapıb. Belə ki, sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.
O üzdən, erməni mediasının Aİ ilə Azərbaycan arasında assosiativ sazişin imzalanmamasının ərazi bütövlüyü ilə bağlı olması barədə iddiaları tamamilə absurddur. Ermənilərin növbəti dəfə yalan üzərində təbliğat qurmaq cəhdi uğursuzluğa uğradı.
Vidadi ORDAHALLI