Sosial şəbəkələrdə Bakı Dövlət Universitetində bir qrup tələbənin aksiya keçirməsi ilə bağlı məlumat yayılıb. Məlum olub ki, bir qrup tələbə təhsil müəssisəsinin 2 saylı korpusunda "Pulsuz təhsil” şüarlı plakat asıblar.
Sosial mediada paylaşılan foto birmənalı qarşılanmayıb. Bəzi şəxslər universitetdə rüşvətin olmadığını, bəziləri isə müəllimlərə qiymət almaq üçün pul verildiyini bildiriblər. Məlumata görə, aksiyanı kitabxanaçılıq fakültəsinin tələbələri keçiriblər.
Maraqlıdır ki, bu məsələyə ən böyük diqqəti xaricdən yayımlanan KİV və internet televiziyaları ayırıb. Əslində, aksiyanın niyə məhz indiki məqamda keçirildiyi və buna xarici təbliğat ruporları tərəfindən ciddi informasiya dəstəyinin verilməsi də çox maraqlı görünür. Məlumdur ki, dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçirildi. Artıq növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Belə həssas dönəmdə BDU-da baş verənlərin arxasında Azərbaycanı tələbə üsyanı ilə təhdid etmək kimi maraqlar dura bilərmi? Məkanın niyə məhz BDU-nun seçilməsi də çox maraqlıdır. Yada salaq ki, məhz BDU-nun 100 illik yubileyində Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini, xüsusilə də gənclərimizi Qərbdən gələn təsirlər altına salma cəhdlərini vurğulamışdı. Sözügedən aksiyada bu əlamətlər sezilirmi?
Məhərrəm Zülfüqarlı: “Hesab edirəm ki, bu aksiya ilə başlıca olaraq təhlükəsizlik məsələsini test ediblər”
Professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BDU-dakı hadisəyə sıradan biri kimi yanaşmaq lazım deyil: “Həmin şüara mən baxdım. Bir sıra fikirlər səsləndirmək olar. Əvvəla bu aksiyanın keçirildiyi yer və zaman çox maraqlıdır. Ölkəmiz üçün olduqca həssas bir dönəmi əhatə edir. Məkan olaraq BDU-nun seçilməsi də təsadüfi deyil. Çünki ora ölkənin tanınmış və böyük tələbə kontingenti olan universiteti sayılır. Şüarın özündə bir mücərrədlik var. “Pulsuz təhsil” nə deməkdir? Bu ifadənin özü mübahisəlidir. Söhbət pul ödəmədən təhsil almaqdan gedirsə, buna ödənişli təhsil demək olar. Əgər vurğunu rüşvətin üzərinə edirlərsə, bu da inandırıcı deyil. Çünki ölkə universitetlərinin çoxunda imtahan prosesi şəffaf keçirilir. Deməli, həmin tələbələr nə istədiklərini heç özləri də dəqiq bilməyib. Hesab edirəm ki, bu aksiya ilə başlıca olaraq təhlükəsizlik məsələsini test ediblər. Yəni həmin təhsil müəssisəsində təhlükəsizliyin hansı səviyyədə olduğunu yoxlayıblar ki, gələcəkdə nəzərə ala bilsinlər. Təbii ki, burada xoş məqsəddən söhbət gedə bilməz. Yalnız təxribat versiyası inandırıcıdır. Çox güman ki, bunu edənlər xarici təsirlər altına düşən aktiv sosial şəbəkə istifadəçisi olan gənclərdir. Bu yolla hansısa dairələr hakimiyyətə mesaj da vermiş olurlar. Burada siyasi çalar aydın hiss olunur. Çünki aksiya həssas zamanda keçirilib. Kim zəmanət verə bilər ki, sabah həmin şüarın yerinə başqa məzmunlusu asılmayacaq. Bilirsiniz ki, Azərbaycanda bir çox həssas kateqoriya ailələr ödənişli təhsildən azaddır. Buna məcburi köçkünləri, şəhid övladlarını misal göstərə bilərik. Bütün dünyada ödənişli təhsil var. Bundan tam imtina etmək həmin universitetin vəziyyətini də pisləşdirə bilər. Çünki ödənişli təhsildən əldə olunan gəlirlər elə universitetin özünə xərclənir. Hesab edirəm ki, sözügedən aksiyanın əsl mahiyyəti ilə bağlı lazımi səviyyədə araşdırmalar aparılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ