“Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramından çıxmağı planlaşdırmır, ancaq proqramda da fəal iştirak etmək fikrində deyil”. Bunu Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın perspektivləri barədə suala cavabında deyib.
Ölkə başçısının fikrincə, son 10 il ərzində Avropa İttifaqı daxilində bir çox proses cərəyan edib. Avropa İttifaqının gələcək fəaliyyəti, genişlənmə proqramı ilə bağlı fərqli fikirlər üstünlük təşkil edir: “Yəni 10 il bundan əvvəlki vəziyyət indiki vəziyyətlə ziddiyyət təşkil edir. Bu, birincisi. İkincisi, “Şərq Tərəfdaşlığı”na üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Mən başqa birləşdirici amil görmürəm. Çünki ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil və bu ölkələrin bir neçəsi - daha doğrusu, 3 ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Bir ölkə genişlənmiş əməkdaşlıq müqaviləsi bağlayıb. Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Ona görə bu proqramın gələcəyi haqqında bir şey demək çətindir”.
Prezident İlham Əliyev qeyd edib ki, bu proqram bizə təqdim olunanda biz bəri başdan öz fikrimizi bildirmişik ki, ikitərəfli formata üstünlük veririk: “Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq, biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik”.
Ölkə başçısının bu yöndə sərgilədiyi siyasət tam Azərbaycanın maraqlarına uyğundur. Çünki sözügedən proqramla bağlı səslənən arqumentlər reallığı əks etdirir.
Maraqlıdır, bəs ekspertlər Prezidentin “Şərq Tərəfdaşlığı” proqramına yanaşmasını necə dəyərləndirirlər?
“Prezidentin bu məsələdə sərgilədiyi mövqeyi tamamilə əsaslı hesab edirəm”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu məsələdə Azərbaycanın öz milli maraqlarından çıxış etməsi tamamilə anlaşılandır: “Şərq Tərəfdaşlığı” proqramı vaxtilə imzalanan bir layihə idi. Sözügedən layihə çərçivəsində müəyyən nəticələr əldə olunmalı idi, amma zaman göstərdi ki, heç bir nəticə əldə olunmur. Xüsusən də Azərbaycan üçün bu proqram o qədər də əhəmiyyətli deyil. Çünki Azərbaycan artıq özü donor dövlətə çevrilib. Maliyyə baxımından kimdənsə asılı deyil. Əksinə, bir sıra dövlətlər bizdən asılıdır. Çünki Azərbaycan bir sıra enerji-nəqliyyat layihələrinin təşəbbüskarı və bunları həyata keçirən bir dövlətə çevrilib. Postsovet ölkələrinin yeritdiyi siyasət fərqlidir. Həmin ölkələrdə daxili vəziyyət dəyişib, xarici siyasət prioritetləri də müxtəlif istiqamətlərdə inkişaf edir. Belə olan halda, Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı ortaya qoyduğu strategiya praqmatik siyasətə əsaslanır. Ötən illər ərzində bu proqram heç bir nəticə verməyibsə, bundan sonra da Azərbaycanın maraqlarına uyğun hansısa müsbət nəticə gözləməyə dəyməz. Belə olan halda, proqramda aktiv iştirak etməyin bir anlamı yoxdur. O baxımdan, Prezident İlham Əliyevin bu məsələdə sərgilədiyi mövqeyi tamamilə əsaslı hesab edirəm”.
Vidadi ORDAHALLI