Prezident İlham Əliyev dekabrın 24-də Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Maksim Oreşkin Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, sizin əvvəlki səfəriniz çərçivəsində iri əczaçılıq zavodu açıldı, yeni maşınqayırma zavodunun təməli qoyuldu. Əlbəttə, rəmzi haldır ki, əməkdaşlığımızın bu ilini ölkələrimizi əlaqələndirən körpünün açılışı ilə başa vururuq. Mən bunu çox əlamətdar hadisə hesab edirəm. Ona görə ki, həm sovet dövründə, həm də postsovet illərində Rusiya ilə Azərbaycanı yalnız bir körpü bağlayırdı, hərçənd, onu əsl körpü adlandırmaq da olmaz, o körpü çoxdan köhnəlmişdi. Buna görə yeni körpü biznes, qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, nəqliyyat dəhlizi üçün yeni qapılar deməkdir. Beləliklə, ilin məhz bu cür əlamətdar hadisə ilə başa çatması çox rəmzi məna daşıyır.
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin deyib ki, mən və həmkarlarım doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirik. Bu gün çox gözəl gündür. Biz gələndə hava dumanlı idi. İndi isə göy qübbəsi altında mavi səma görünür. Bu çox yaxşı əlamətdir.
Biz hər dəfə Azərbaycana gəlməyə sevinirik. Həqiqətən indi bizim həyata keçirdiyimiz, məntiqi sonluğa çatdırdığımız layihələrin sayı get-gedə artır. Bu çox yaxşı haldır. Ona görə ki, hər bir belə layihə ölkələrimizi daha da yaxınlaşdırır, iqtisadiyyatımız daha fəal artır, insanların rifahı yaxşılaşır. Buna görə biz bu məqsədlərə istiqamətlənmişik və bu yöndə işləyirik. Biz hər addımda yeni layihələr düşünüb tapmağa çalışırıq, onlar həqiqətən bizim irəliləməyimizə kömək edir. Məsələn, indicə həmkarlarımızla maliyyə məsələsi ilə bağlı bir məqamı müzakirə edirdik. Baxarıq, ola bilsin bu istiqamətdə işləyəcəyik. Rusiyada “Mir” adlanan bir ödəmə sistemi var. Bizim türkiyəli həmkarlarımız bu sistemi öz bazarlarında tətbiq edirlər. Bu, Türkiyəyə gedən rusiyalı turistlər üçün çox münasibdir. Siz bizim qarşımızda turist mübadiləsini inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona çatdırmağa çalışırıq. Həqiqətən, turistlərin ölkələrimiz arasında gediş-gəlişi nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu məsələni araşdıraq, həmin sistemin Azərbaycanda tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını aydınlaşdıraq. Buna görə daha fəal işləməyə hazırıq.