Bu günlərdə Dağlıq Qarabağdakı qondarma separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın dekabrın 16-18-də Misir Ərəb Respublikasında işgüzar səfərdə olması ilə bağlı məlumat yayıldı. Erməni mətbuatı iddia edirdi ki, M.Mailyan Misirdə bir sıra işgüzar dairələrin nümayəndələri, qubernatorlarla görüşüb.
Səfər zamanı separatçı rejim təmsilçisini Misirin Cənubi Sinay vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmməd də qəbul edib. M.Mailyan Misir hakimiyyətinin erməni icmasına ənənəvi dostluq münasibətini yüksək qiymətləndirib, ölkənin inkişafında ermənilərin mühüm töhfəsini və rolunu qeyd edib. Görüş zamanı separatçı rejimin təmsilçisi Mailyan qondarma “DQR”in iqtisadi inkişafının prioritet sahələrini təqdim edib. Bu çərçivədə Mailyan xüsusilə turizm sektorunu diqqətə çatdıraraq, Qarabağın turistik cəlbediciliyinin artırılmasına yönəldilmiş və olduqca qənaətbəxş nəticələr verən müxtəlif təşəbbüslərə toxunub. Separatçı rejim nümayəndəsi rejimin nəzarət etdiyi Azərbaycan ərazisində “vergi siyasətini və böyük investorlara güzəştli şərtləri təqdim edib”. Görüşün sonunda Misirin Cənubi Sinay vilayəti ilə separatçı erməni rejimi arasında turizm, mədəniyyət və idman sahələrində əməkdaşlığın qurulması və inkişafı barədə razılıqlar əldə edilib.
Erməni mətbuatında bu barədə yazılanlar məhz “Bakı-Xəbər” qəzeti tərəfindən ictimailəşdirildi. Bundan sonra Misirin belə bir addım atması müxtəlif formalarda qınandı. Ən azından ona görə ki, Misir Ərəb Respublikası müsəlman dövlətidir. Müsəlman dövlətində Dağlıq Qarabağdakı separatçı qurum təmsilçisinin müxtəlif rəsmi şəxslər tərəfindən qəbul edilməsi həm beynəlxalq hüquqa ziddir, həm də müsəlman təəssübkeşliyi ilə uzlaşmayan bir addımdır.
Bu arada Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim sözügedən məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Misir və Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədədir.
Səfir açıqlamasında xarici mətbuatda məlumat verilən qondarma Dağlıq Qarabağ “rəsmisi”nin Şarm-Əl-Şeyxin qubernatoru ilə görüşməsi məsələsinə toxunub. Bu görüşün rəsmi görüş kimi qəbul olunmadığını bildirən səfir qeyd edib ki, qarşı tərəf özünü Dağlıq Qarabağın deyil, Ermənistanın nümayəndəsi kimi təqdim edib. Səfər turistik xarakter daşıyıb, heç bir rəsmi səfərdən söhbət getmir. Səfir vurğulayıb ki, Misir dövləti üçün Dağlıq Qarabağ işğal edilmiş bir ərazidir: “Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”.
Göründüyü kimi, qəzetimizin bu məsələni gündəmə gətirməsi Misirin Azərbaycandakı səfirliyinin hərəkətə keçməsinə səbəb oldu və ermənilərin növbəti yalan təbliğatı iflasa uğradı. Zaman-zaman Ermənistan Dağlıq Qarabağdakı separatçılara viza verərək onların xarici ölkələrə qanunsuz səfərlərini təşkil edir. Ancaq Ermənistan pasportu ilə xaricə səfər edən separatçılar bundan şou məqsədilə istifadə edirlər. Elə bir yalan görüntü yaradırlar ki, guya separatçı qurum xaricdə qəbul olunur. Ancaq bu dəfə onların bu cəhdi fiaskoya uğradı.
Vidadi ORDAHALLI