Avropa İttifaqı ilə Azərbaycan arasındakı assosiativ sazişin imzalanmamasının səbəbləri məlum olub. Belə ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə aydınlıq gətirib.
Prezident vurğulayıb ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır: “Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq.
Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, - mən istəyirəm ictimaiyyət onu da bilsin, - enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək”.
Məlum olur ki, Prezident İlham Əliyev sırf xalqın mənafeyindən çıxış edərək sözügedən şərtləri qəbul etmir. Çünki enerji ölkəsi olan Azərbaycan bu məhsulları hazırkı dövrdə daxili bazarda ixrac qiyməti ilə satsa, o zaman bu, əhalinin sosial vəziyyətinə ciddi şəkildə mənfi təsir edəcək.
“Avropa İttifaqı assosiativ saziş məsələsində yalnız öz maraqlarından çıxış edir”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Prezidentin Avropa İttifaqı ilə assosiativ saziş məsələsində sərgilədiyi mövqe tamamilə əsaslıdır: “Öz xalqının mənafeyindən çıxış edən dövlət başçısı, təbii ki, buna dirəniş göstərməlidir. Necə ki, biz bunu Prezident İlham Əliyevin timsalında görürük. Aİ-nin enerji daşıyıcılarının qiyməti ilə bağlı bu tələblərlə çıxış etməsi bizi qane edə bilməz. Avropa strukturları nəzərə almırlar ki, orada orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə daha yüksəkdir. Belə olan halda, daxili bazarda qazı ixrac qiymətinə necə satmaq olar? Ona görə də Prezidentin bu məsələyə məhz Azərbaycanın dövlət maraqları çərçivəsində yanaşaraq mövqe ortaya qoyması tamamilə əsaslıdır. Məsələ ondadır ki, Aİ assosiativ saziş məsələsində yalnız öz maraqlarından çıxış edir. Bu isə Azərbaycanı qane edə bilməz. O üzdən, Prezident İlham Əliyevin Azərbaycan xalqının mənafeyindən çıxış edərək bu şərtləri qəbul etməməsi alqışlanmalıdır. Ən nəhayət, Azərbaycan hakimiyyətinin ÜTT-yə üzv olmağa tələsməməsi düzgün siyasətdir. Yəni biz haçan buna hazır olsaq, o zaman təşkilata üzv olacağıq”.
Vidadi ORDAHALLI