Ermənistanda baş verən son olaylar bu ölkədə əhalinin mövcud hakimiyyətdən sosial narazılığının artıq özünün pik həddinə çatmaqda olduğunu göstərir. Hadisələr indiki templə inkişaf edərsə, Nikol Paşinyan iqtidarının devrilmə təhlükəsi ilə üzləşməsi belə istisna olunmur.
MPG şirkətinin rəhbəri Aram Navasardyan da bildirir ki, son sorğular əhalinin Paşinyandan narazılığının artmaqda olduğunu üzə çıxarır. O, respondentlərin 32,2%-nin yeni hökumətin təcrübəsizliyi, 27%-nin isə köhnə problemlərin dərinliyi ucbatından istəklərini icra edə bilmədiyini bəyan edib. Navasardyan Ermənistan baş nazirinin fəaliyyətini cəmi 37,4% respondentin tam dəstəklədiyini (keçən il 61,2% idi) bildirib.
“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Gevorq Petrosyan bunların kökündə Paşinyanın vədlərinin sözdən o tərəfə keçməməsinin durduğunu bildirir:“Paşinyan iqtisadi inqilabdan danışırdı, amma ortada heç nə yoxdur. O, qohum-yaxınlara vəzifələr paylamamaq vədləri vermişdi, amma reallıq bunun əksidir. Ölkəyə gələcək xarici investorlar haradadır?”. O qeyd edib ki, bu mənada, konstitusiyada “Ermənistan Respublikası” sözünü “Yalan Krallığı” sözü ilə sakitcə əvəz etmək olar. “Daşnaksütyun” partiyasının ali orqanının üzvü, keçmiş iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan da vəziyyətin acınacaqlı olduğunu bildirir. O qeyd edir ki, 2019-cu il Ermənistan üçün itirilmiş imkanlar və yeni təhlükələrin yaranması ili kimi yadda qaldı. Minasyan bildirib ki, yeni təhlükələr Ermənistan dövlətinin, cəmiyyətinin həyatında ən azı yeddi mühüm sahədə özünü büruzə verir. Sabiq nazirin sözlərinə görə, təhlükələrin ilk üçlüyü beynəlxalq münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan ordusu ilə bağlıdır. Onun fikrincə, digər problemlər isə ictimai münasibətlərlə əlaqədardır ki, bunlardan biri Ermənistanda dözümsüzlük mühitinin yaranmasıdır:“Hakimiyyəti formalaşdıranların şəxslərin davranışlarından qaynaqlanan nifrət dolu ifadələr, təəssüf ki, Ermənistanda adi hala çevrilib. İnternetdə, demək olar ki, hər gün yüz minlərlə təhqiramiz şərhlər görmək olar. Ermənistan hakimiyyəti, nəyin bahasına olursa-olsun, manipulyasiya yolu ilə yeni hədəflər, yeni rəqiblər və yeni düşmənlər seçir”. Minasyanın fikrincə, digər bir problem hakimiyyətin avtokratiya qurmaq üçün atdığı addımlardır. O, Ermənistan hakimiyyətinin məhkəmələrə təzyiq etdiyini, siyasi partiyaların sıradan çıxdığını da vurğulayıb.
Minasyan Ermənistanda siyasi təzyiqlər üzündən xaricə qaçanların sayının artmasını da baş verənlərin nəticəsi kimi qiymətləndirib. “Novosti Armeniya” isə bu fonda bildirir ki, Ermənistanda barəsində cinayət işi açıldığına görə Rusiyaya qaçan yüksək vəzifəli keçmiş dövlət məmurlarının sayı artıq 5-ə çatıb. Belə ki, dekabrın 23-də İrəvanın Avan və Nor Nork rayon Məhkəməsinin keçmiş hakimi Samvel Uzunyan barəsində beynəlxalq axtarış elan edilib. Bildirilib ki, dekabrın 20-də Ermənistan baş prokuroru müavininin qərarı ilə Uzunyana qarşı Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. O, 51 min dollar məbləğində rüşvət almaqda təqsirləndirilir. Uzunyan isə istintaqdan yayınmaq və Ermənistandan qaçmaq üçün fırıldağa əl atıb. Belə ki, o, əl yükünü İrəvanın Zvartnos hava limanına göndərib. Keçmiş məhkəmə hakiminə məxsus bağlamadan güllə aşkarlanıb. Hüquq-mühafizə orqanları onu həbs etmək istəyiblər, amma tapa bilməyiblər. Dekabrın 23-də isə Uzunyanın Moskvaya qaçdığına dair məlumat yayılıb. Ehtimal edilir ki, Uzunyan keçmiş hakimiyyətin siyasi-iqtisadi maraqlarına dair müxtəlif qruplarla bağlı məlumata malikdir. Həmçinin o, hazırda həbsdə olan keçmiş prezident Robert Köçəryanın yaxın adamlarından sayılır. Bu şəxsdən əlavə, 2008-ci il matın 1-də baş verən hadisələrə görə barələrində ittiham irəli sürülmüş həmin olaylarla bağlı cinayət işini araşdıran istintaq qrupunun keçmiş başçısı Vahan Arutyunyan, Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan və keçmiş müdafiə naziri Mikael Arutyunyanın Rusiyaya sığındıqları məlumdur. Bununla yanaşı, istintaq təcridxanasının keçmiş başçısı Miqran Poqosyanın da Rusiyada gizləndiyi bildirilir.
Qeyd edək ki, Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra siyasi rəqiblərini daha çox inzibati yolla cəzalandırır, onları həbsə atır. Ermənistan parlamenttinin deputatı Arman Babacanyan da qeyd edir ki, Paşinyanın xalqı öz arxasınca aparıb uçurumdan atmaq istəyi özünü qabarıq göstərir:“Mən populyarlığı artıq düşmüş hakimiyyətin manipulyativ yollara əl atmasında böyük problem görürəm. Nikol Paşinyanın hökuməti avtoritarizmə tərəf gedir və baş verənlər onun yalnız ilkin əlamətləridir”. Belə vəziyyət, öz növbəsində, Paşinyandan narazılığı daha da artırır. Regionun ən zəif ölkəsi statusunu daşıyan Ermənistanda yaşanan iqtisadi, siyasi böhran, etirazlar, əhalinin yoxsulluq səviyyəsinin gündən-günə artması, demoqrafik vəziyyətin hər keçən gün daha da pisləşməsi, ekspertlərə görə, Paşinyan üçün ciddi problemdir. Bundan isə Paşinyana qarşı olan qüvvələr məharətlə istifadə edir. Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirir ki, belə vəziyyətdə Paşinyanın hakimiyyətdən devrilməsi çox yaxın zaman ərzində baş verə bilər. Onun sözlərinə görə, Nikol Paşinyan bir il ərzində verdiyi vədləri yerinə yetirməyib. Eyni mövqeni Ermənistanda bir çox rəsmi vəzifələr tutmuş David Şahnazaryan da sərgiləyir: “Paşinyanın hökuməti nə edir? O, məqsədyönlü olan müsbətləri dağıdır, mənfiləri inkişaf etdirir. Davamlı olaraq öz çağırışları, bəyanatları ilə qeyri-sabitlik yayır. Qalmaqallar təşkil edir. Daha sonra bu qalmaqalları harda gizlədir? Mütəmadi olaraq mövzuları dəyişməklə yeni qalmaqalların altında gizlədir. İctimaiyyət narazılıq edəndə, sorğu-suala çəkəndə, daim mövzuları dəyişir. Bu isə onun sonunu gətirir”.
Nahid SALAYEV