“Mən bir çox rayonlara gedəndə, icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Prezident qeyd edib ki, bir çox məsələ var ki, onlar operativlik tələb edir. Ona görə ictimaiyyətə təqdim olunan bəzi daxili görüşlər ölkə rəhbərinin iş qrafikində bəlkə də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var: “Həm də bu, ictimaiyyətə verilən, bir növ, hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir. Eyni zamanda, kadrlar qarşısında qoyulan vəzifələrdir ki, ictimaiyyət də bunu bilsin. Misal üçün hansısa rayona icra başçısı təyin olunanda ona dediyim sözlər, verdiyim tövsiyələr, təbii ki, rayon ictimaiyyəti tərəfindən də qəbul edilir. Onlar artıq o adamdan bu meyarlara uyğun olmasını tələb edirlər və tələb etməlidirlər. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur, ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan əldə edəcəyik? Mən, misal üçün bildirmişəm və bir daha demək istəyirəm ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə, icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür”.
Maraqlıdır, icra başçıları hansı niyyətlə rəhbərlik etdiyi rayonda baş verən hadisələri Prezidentə məruzə etmək istəmirlər? Doğrudanmı onlar rayonda baş verən hər hansı bir hadisədən xəbərsizdir, ya da bilərəkdən nəyisə ört-basdır etmək üçün problemləri demək istəmirlər.
“Bəzi icra başçıları rayonda yaşanan problemlərin qabardılmasını istəmir, bunun Prezidentə çatmasına mane olurlar, ancaq…”
"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, icra başçılarının hər biri rayonda baş verən hər hansi bir hadisəni hamıdan yaxşı bilirlər: “Necə ola bilir ki, bəzi icra başçıları torpağın, obyektin satış qiymətini bildikləri halda, rəhbərlik etdikləri bölgənin problemindən xəbərsizdirlər. Bəzi icra başçıları rayonda yaşanan problemlərin qabardılmasını, bunun Prezidentə çatmasını istəmirlər. İcra başçıları rayonda yaşanan neqativ hadisələrin Prezidentə çatdırılmasına mane olurlar. Onlar bilirlər ki, ölkə rəhbərliyi problemdən xəbərdar olan zaman bununla bağlı müvafiq tədbirlər görəcək və həmin şəxslər qanunla cəzalanacaq. İcra başçılarının rayonda baş verən hər hansı hadisə, problem haqqında məlumatsız olması inandırıcı görünmür. Nəzərə almaq lazımdır ki, bu gün yazılı media və televiziya vasitəsilə ölkədə baş verən hər hansı bir hadisə haqqında ictimaiyyətə məlumat verilir. Mətbuat rayonda qeydə alınan hansısa problemi işıqlandıran zaman icra hakimiyyətlərinin nümayəndələri dərhal məsələyə reaksiya verib, xəbərin yalan olduğunu deyirlər. Ancaq Prezident onlardan problem haqqında soruşanda isə hadisədən xəbərsiz olduqlarını deyirlər. Bunun özü isə paradoksdur. Bütün məmurlar anlamılıdırlar ki, XXI əsrdə hər hansı bir hadisəni, problemi gizlətmək mümkün deyil”.
Media kapitanı hesab edir ki, icra başçıları və digər məmurlar cavabdehlik daşıdıqları yerdə problemləri öyrənib, onun həlli ilə məşğul olsalar, daha yaxşı olar. Ümumiyyətlə, icra başçılarının əsas işi təyin olunduqları yerdə yaşanan problemləri həll etməkdən ibarətdir, torpaq satmaq yox.
Günel CƏLİLOVA