Azərbaycanda həyata keçirilən iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Ancaq buna baxmayaraq, bəzi məmurlar sahibkarlara dəstək olmaq əvəzinə, onlara çətinlik yaradırlar. Müxtəlif bəhanələrlə sahibkarlardan pul alırlar. Hətta bu məsələyə Prezident İlham Əliyev də toxunub.
Prezident İlham Əliyev yerli TV-lərə müsahibəsində bildirib ki, rayon və şəhər icra başçıları müxtəlif bəhanələrlə sahibkarlardan qanunsuz pul tələb edirlər. Onun sözlərinə görə, bəzi icra başçıları abadlıq işləri adı ilə sahibkarlardan pul toplayırlar, dövlət başçısı bunu qətiyyən qəbuledilməz hal sayıb: “Belə abadlıq bizə lazım deyil, rüşvət almamalıdırlar. Əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa, bəzi hallarda, kimsə gəlib nəsə iş görmək istəyir, ondan pul tələb edirlər. Son vaxtların tədbirləri bunu göstərdi”.
“Yeni təyinat alan icra başçıları öz zövqlərinə uyğun təmir işləri həyata keçirmək üçün...”
İcra başçılarının abadlıq adı ilə sahibkarlardan qanunsuz olaraq pul tələb etməsinə münasibət bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu halla üzləşən sahibkarların sayı az deyil: “Rayon icra hakimiyyəti başçılarının abadlıq adı ilə sahibkarlardan pul vəsaiti toplaması halı yaşanıb və yaşanır. Əsasən yeni təyinat alan icra başçıları öz zövqlərinə uyğun təmir işləri həyata keçirirdilər. Yolların təmiri, üzlənməsi, şəhər daxilində müxtəlif formatlı mağazaların açılması kimi faktlar, demək olar ki, hər bir rayonda qeydə alınıb. Bu kimi işlərin görülməsi üçün icra başçıları vaxtaşırı kiçik və orta sahibkarlardan müxtəlif məbləğdə vəsait alırdılar. Bu, qanun pozuntusudur və qarşısı alınmalıdır. 15-20 iş təcrübəsi olan icra başçılarının, demək olar ki, hamısı eyni ssenari üzrə korrupsiya hallarını həyata keçiriblər. Bütün rayonlarda icra başçılarının mülkləri, biznesləri haqqında geniş informasiya əldə etmək elə də çətin deyil”.
Həmsöhbətimizin sözlərinə görə, sahibkarlığın inkişafına dövlət tərəfindən xüsusi həssaslıqla yanaşılır. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən hər bir şərait yaradılır. Lakin bəzi məmurlar və icra başçıları sahibkarlığın inkişafına şərait yaratmaq əvəzinə, onlara müəyyən çətinlik yaradırlar: “Prezident çıxışı zamanı düz buyurur ki, bəzi icra başçıları abadlıq adı ilə sahibkarlardan müəyyən məbləğdə vəsait toplayırlar. Axı həmin rayonda abadlığın aparılması üçün dövlət tərəfindən vəsait ayrıldığı təqdirdə icra başçısı niyə sahibkardan əlavə pul alır? İcra başçıları qanunsuz olaraq sahibkarlardan əlavə vəsait toplayırlar. Həmin icra başçıları araşdırılıb, onlar haqqında sərt tədbirlər görülməlidir”.
Günel CƏLİLOVA