Ölkə başçısı həqiqətən inqilabi yeniliklər edir. Bəlkə də bir neçə il əvvəl İlham Əliyevin təkbaşına belə islahatlara başlayacağına kimlərsə dərindən inana bilməzdi. Ona görə yox ki, İlham Əliyevdə belə addımları sona çatdırmaq üçün gücə kimsə şübhə ilə yanaşardı. Sadəcə, birdən-birə paralel olaraq bu səviyyədə addımların atılması, islahatların miqyası bir qədər qəribə görünə bilərdi.
İlham Əliyev ölkədə yeniliklərin olacağının ilkin anonsunu özünün son inauqurasiya nitqində bəyan etmişdi. Prezidentin həyata keçirdiyi islahatların həcmi baxımından 2019-cu il olduqca məhsuldar oldu. İlin birinci yarısında bir sıra struktur və kadr islahatları aparıldı, paralel olaraq əhalinin böyük bir hissəsinə sosial paket təqdim edildi. İlin ikinci yarısında həmin yöndə addımlar davam etdirildi. Ən başlıcası isə İlham Əliyev öz komandasını köklü şəkildə yeniləmək, daha dəqiq ifadə etsək, cavanlaşdırmaq qərarını verdi. Ölkənin idarəetmə aparatının çox mühüm həlqələrinə bu qərar tətbiq edildi. Ölkə başçısının atdığı bəzi addımlardan hiss olunur ki, onlar heç də protokolda öz əksini tapmır. Bununla ölkə başçısı həm də öz komandasına, məmurlara ictimai nəzarəti təmin etmiş olur. Təsadüfi deyil ki, ölkə başçısı daim ictimai nəzarətin zəifliyindən narahatlıq ifadə edir, onun gücləndirilməsinin zəruriliyindən danışır. Hətta dəfələrlə bildirib ki, bir çox məlumatları o, mediadan alır. Çünki məmurlar adətən raport tipli məruzələr edirlər və orada da hər şeyin yolunda, normal olduğunu qeyd edirlər.
Gəlin bu il ərzində İlham Əliyevin öz addımları ilə bəzən protokoldan da kənara çıxaraq ictimai nəzarət mexanizmlərini necə tətbiq etdiyinə diqqət edək. Ölkə başçısı rayonlara səfər edərkən əhali ilə birbaşa təmasa keçir. Bir çox hallarda bunu gözlənilmədən, əvvəlcədən planlaşdırılmayan yerlərdə edir. Bundan başqa, Prezident və onu müşayiət edən xanımı əhalidən əlbəəl məktublar alırlar. Bunun da əhalinin problemlərinin həllinə çox böyük faydası olub. Ölkə başçısının tətbiq etdiyi yeni formatlardan biri də vəzifəyə yeni təyin etdiyi icra başçıları və digər yüksək çinli məmurları təkbətək qəbul edib, onlara verilən tövsiyələri televiziyada nümayiş etdirməsi ilə bağlıdır. Bunun özü də həmin məmurlarda ictimai məsuliyyət hissini artırmış olur. Çünki bütün ölkənin gözü qarşısında Prezident onlara tapşırır ki, rüşvət almayın, xalqın xidmətçisi olun və s. Təbiidir ki, bu tövsiyələrə əməl etməyən məmurlarla bağlı tam əminlik yaranır ki, həmin şəxs Prezidentin etimadını doğrultmur. Nəhayət, ölkə başçısının atdığı ən mütərəqqi addımlardan birinə isə biz dekabrın 23-də şahidlik etdik. İlham Əliyev 4 yerli telekanala müsahibə verdi. Yəqin ki, ölkə başçısı bu formatda media ilə görüşlərini davamlı edəcək. Bütün bu addımlar sübut edir ki, ən böyük inqilabçı elə cənab Prezidentin özüdür və o bu yolda çəkinmədən, inamla irəli gedir!
Məhəmmədəli QƏRİBLİ