Dekabrın 23-də Azərbaycan tarixində sayca 5-ci bələdiyyə seçkiləri keçirildi. İlk dəfə 1999-cu il dekbarın 12-də keçirilən seçkilər Azərbaycanda yerli idarəetmə orqanlarının formalaşması və inkişafı üçün təməl rolunu oynayıb. Bələdiyyə institutunun yaradılmasından 20 il vaxt keçsə də, bələdiyyələrdən razı olanlarla yanaşı, narazı olanlar da var.
Sonuncu bələdiyyə seçkilərində iştirak etmək üçün 41 841 nəfər müraciət edib. Onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb. Belə ki, 27 249 nəfər fərdi qaydada müraciət edib. Habelə 14 564 nəfərin namizədliyi siyasi partiyalar, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilib.
Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72 faiz olub.
Maraqlıdır ki, seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Üçdə ikisi isə fərdi qaydada namizədliyini verib.
Bələdiyyə seçkilərində partiyadan namizədliyini verənlərin sayının az solması nə ilə bağlıdır? Partiyalar bələdiyyə seçkilərinə meylli deyil, yoxsa cəmiyyət siyasi partiyalara etimad göstərmir?
“...namizədlər fərdi qaydada seçkidə iştirak etməyə önəm verirlər”
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, bunun bir sıra səbəbləri var: “Azərbaycanda majoritar seçki sistemidir. Yəni partiyaların seçkidə iştirakı belə olur ki, onlar hansı dairədə kimi dəstəklədiklərini elan edirlər. Partiyalar seçkilərdə majoritar qaydada iştirak edirlər və sadəcə, partiya mənsubiyyətlərini yazırlar. Hesab edirəm ki, bir səbəb bununla bağlıdır. Yəni proporsional seçki sistemi olsaydı, o zaman bələdiyyə seçkilərində partiyalardan namizəd kimi iştirak edənlərin sayı daha çox ola bilərdi. Digər tərəfdən, partiyaların çoxu zəif olduğuna görə cəmiyyət onlarla işləməyə meylli deyil. Bu səbəbdən istəmirlər ki, partiyadan olan namizədlər çox olsun. Məsələ ondadır ki, qeydiyyatdan keçən 50 partiyadan vur-tut 5-6 partiya fəaldır, yerdə qalanların elə bir nüfuzu yoxdur. Ona görə də bələdiyyə seçkilərində namizədlərlə bağlı belə mənzərə yaranıb. Partiyalararası rəqabət güclü olarsa, yeni partiyalar nüfuz qazanarsa, o zaman cəmiyyət partiyalarla işləməkdə və bələdiyyə seçkilərində iştirak etməkdə maraqlı olacaq. Hakim YAP-dan başqa və bir neçə partiyanı çıxmaq şərtilə ictimaiyyət içərisində partiyaların nüfuzu çox aşağıdır. Belə olan halda, əlbəttə ki, namizədlər fərdi qaydada seçkidə iştirak etməyə önəm verirlər”.
Vidadi ORDAHALLI