Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində Dağlıq Qarabağ probleminin həll edilməməsinin səbəblərini ətraflı izah edib: “Deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olub. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə, deyə bilərəm ki, danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb”.
Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da əlbəttə ki, həm təəccüb, həm də təəssüf doğurur: “Biz hamımız yaxşı xatırlayırıq ki, Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfer edilir. Ona görə buna müstəqil dövlət demək tam yalandır. Sadəcə olaraq, danışıqları uzatmaq, yaxud da ki, öz məsuliyyətini boynundan atmaq üçün belə ifadələr işlədilir.
Biz qətiyyən bu ifadələrlə razı ola bilmərik. Öz fikirlərimizi bildirmişik və eyni zamanda, Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri də oxşar bəyanatlar vermişlər. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir. Yəni Ermənistan rəhbərliyinin cəhdləri və təklifləri qəbul edilmədi. Bunu təsdiqləyən həm də o amildir ki, mənim Ermənistanın Baş naziri ilə görüşlərim olub. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşürlər, danışıqlar aparırlar. Sonuncu görüş bu ayın əvvəlində olmuşdur.
Digər tərəfdən, Azərbaycan dırnaqarası Dağlıq Qarabağ respublikası ilə danışıqlar aparmalıdır fikri baş tutmayandan sonra növbəti bir cəfəng tezis ortalığa atıldı, bunu indi hər kəs eşidib, - Ermənistanın Baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni bu, əvvəlki tezisi tam təkzib edir və bu, növbəti yalandır. Çünki Qarabağ nə müstəqil ölkədir, - bunu heç kim tanımır, heç bir ölkə tanımır, - və bayaq qeyd etdiyim məsələlər - böyük beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və yekun bəyannamələr onu göstərir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Qarabağ Ermənistan deyil və bunu sübut etmək üçün heç səy göstərmək də lazım deyil.
Ona görə birinci dəfə də, ikinci dəfə də yalan söylənildi. Amma həqiqət ondan ibarətdir ki, - mən bunu canlı efirdə demişəm, - Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar Çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu o qədər də uzaq tarix deyil. Yəni ermənilər bizim tarixi torpaqlarımıza köçürülmüşlər, ona görə ki, burada xristian əhali çoxalmalı idi. Ona görə bu, bizim tarixi torpağımızdır və bunu indi bütün dünya bilir. Bu, birincisi.
İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
O ki, qaldı xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik.
Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıb”.
Göründüyü kimi, Prezident münaqişənin həllinin uzadılmasının kökündə Ermənistanın qeyri-konstruktiv mövqeyinin durduğunu bildirib.
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2019-cu ilin danışıqlar prosesi üçün itirilmiş il olduğu ilə bağlı deyilənlərlə tam razıdır: “Cənab Prezident Ermənistan rəhbərliyinin münaqişənin həlli istiqamətində danışıqları imitasiya etməsi, beynəlxalq hüquq və normalara zidd və qeyri-konstruktiv mövqe sərgiləməsi və həmçinin, beynəlxalq vasitəçilərin işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmədiyini qeyd etdi. Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesində 2019-cu ildə də illərlə yürütdüyü qeyri-konstruktiv mövqeyi davam etdirməyə, danışıqlar prosesini hər vəchlə uzatmağa, mövcud status-kvonu qoruyub saxlamağa çalışan bir siyasət yürütdü.
Münaqişənin həlli ilə bağlı heç bir konseptual yanaşmaya malik olmayan Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ mövzusu ətrafında nəyin ki, ATƏT-in Minsk Qrupu çərçivəsində əldə olunmuş razılaşmalara zidd, problemin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması ilə müşayiət olunan, yenilənmiş Madrid prinsiplərini şübhə altına alan mövqe sərgilədi və hətta münaqişədə kövrək sülhün zədələnməsi istiqamətində sistemli fəaliyyət qurdu. Məsələn, Dağlıq Qarabağda məhz Ermənistan ordusu və bu ölkənin məhkəmə-hüquq sisteminin mövcudluğunun Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə (“Çıraqov və başqaları Ermənistana qarşı” - Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərarı) təsbit olunmasına rəğmən, qondarma qurumun büdcəsinin Ermənistan büdcəsindən transferlər əsasında formalaşmasına rəğmən, qondarma qurumu müstəqil bir təsisat kimi qələmə verməyə çalışması da məhz danışıqlar prosesini uzatmaq üçün atılan addımlardır.
Prezidentin çıxışında Ermənistan rəhbərliyinin, həmçinin, məsuliyyəti öz boynundan atmaq üçün işlətdiyi ifadələr haqqında fikirləri də çox maraqlıdır”.
Ekspertin sözlərinə görə, yekunlaşmaqda olan 2019-cu il, həmçinin, dünyanın bütün qitələrində fəaliyyət göstərən mütəşəkkil erməni cinayətkar şəbəkəsinin fəaliyyəti haqqında çoxsaylı ifşa məlumatları ilə bol bir il oldu: “Bu ilin əvvəlində Britaniyalı araşdırmaçı-yazıçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki, fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq, Avropa Birliyi və Yaxın Şərq ölkələrinə qədər şəbəkələnmiş, beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətləri (insan alveri, silah alveri, narkotraffik və s.) və cinayətkar şəbəkəni aşkara çıxarıb.
Ermənistanın Dağlıq Qarabağı müstəqil bir qondarma qurum olaraq göstərməsi cəhdləri də bu cinayətlərdən boyun qaçırmaq kimi uğursuz bir cəhd idi. Bu isə, əlbəttə, təkcə Azərbaycan deyil, Cənubi Qafqaz regionunda sülhün və inkişafın bərqərar olunması üçün çalışan bütün maraqlı tərəflərin, nizamlayıcı missiya daşıyan beynəlxalq qurumların diqqətini çəkdi.
Lakin məhz Prezidentin də qeyd etdiyi kimi, Ermənistanın bu qeyri-konstruktiv yanaşması beynəlxalq vasitəçilər tərəfindən lazımınca təpki görmədi və bu mövqeyin qarşısını ala biləcək imkan və perspektivlər lazımınca dəyərləndirilmədi.
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konseptual yanaşmaya malik olmayan, beynəlxalq münasibətlərdə səriştəsiz Paşinyan bölgədə kövrək sülhün zədələnməsi yönündə ard-arda təxribatlara əl atdı.
Xüsusi qeyd etmək istədiyim bir məqam məhz Prezidentin müsahibəsində beynəlxalq vasitəçilərin təzyiq və ya təsir imkanları haqqında fikirləri ilə bağlıdır. Məsələ ondadır ki, beynəlxalq vasitəçilərin regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə oluna biləcək informasiya, diplomatik və iqtisadi rıçaqları mövcuddur. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayan Avropa İttifaqının bu istiqamətdə imkanları genişdir. Lakin bu riçaqların 2019-cu ildə istifadə olunmasının şahidi olmadıq.
Prezidentin də qeyd etdiyi beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələrinin həyata keçməsində real addımların şahidi olmadıq. Ancaq bu heç bir halda irəlidəki illərdə bu rıçaqların istifadə olunmayacağı anlamına gəlməməlidir. Çünki beynəlxalq münasibətlərdə naşı olan Paşinyanın siyasəti Ermənistan dövlətinin bu mövzularda manevr imkanlarının tükənməsinə səbəb olub”.
Məhəmmədəli QƏRİBLİ