Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib və öz müsahibəsində bir sıra maraqlı məqamlara, o cümlədən də Prezident kimi özünün iş qrafikinə toxunub. Ölkə başçısı bildirib ki, onun iş qrafiki çox gərgindir və hər zaman iş başındadır.
“...Onu da bildirməliyəm ki, mənim iş qrafikim çox gərgindir. Demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativlik tələb edir. Ona görə ictimaiyyətə təqdim olunan bəzi daxili görüşlər mənim iş qrafikimdə bəlkə də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var. Həm də bu, ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir. Eyni zamanda, kadrlar qarşısında qoyulan vəzifələrdir ki, ictimaiyyət də bunu bilsin. Misal üçün hansısa rayona icra başçısı təyin olunanda ona dediyim sözlər, verdiyim tövsiyələr, təbii ki, rayon ictimaiyyəti tərəfindən də qəbul edilir. Onlar artıq o adamdan bu meyarlara uyğun olmasını tələb edirlər və tələb etməlidirlər. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır...” - deyə ölkə başçısı qeyd edib.
İcraçı məmurlarımız da Prezident kimi fasiləsiz işləyə bilirlərmi?
“Daim işləməyə ehtiyac var”
“Səs” qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri, tanınmış politoloq Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin iş qrafiki, fasiləsiz fəaliyyəti bütün məmurlar üçün bir nümunədir və məmurlar da ölkə başçısından örnək götürüb hər zaman öz işlərinin başında olmalıdırlar. “Sözsüz ki, ulu öndərin qurub yaratdığı, bünövrəsini qoyduğu Azərbaycanın bu cür inkişaf səviyyəsinə gəlib çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu var. Cənab Prezidentin rəhbərliyi ilə iqtisadi, siyasi, sosial sahədə, o cümlədən də xarici siyasətdə Azərbaycan çox böyük uğurlar əldə edib. Əlbəttə, bütün bunlar və ölkəmizdə görülən digər işlər çox gərgin iş qrafiki tələb edir. Daim işləməyə ehtiyac var. Cənab Prezident də özünün gərgin iş qrafikindən bəhs etməklə bir daha qeyd etdi ki, 24 saat çalışır və tələbləri də çox yüksəkdir. O, Azərbaycanı ən yüksək inkişaf etmiş ölkələr sırasında görmək istəyir. Azərbaycanın beynəlxalq aləmdəki yeri də onu deməyə əsas verir ki, bu, gərgin zəhmət sayəsində baş verib. Bu özü də bir daha göstərir ki, hər gün, hər dəqiqə işləməyə ehtiyac var”.
B.Quliyev qeyd etdi ki, müasir Azərbaycanla keçən əsrin 90-cı illərindəki Azərbaycanı müqayisə edərkən burada tam və əsaslı şəkildə dəyişikliklərin baş verdiyini görürük. Bütün bunların ölkə başçısının zəhməti, fasiləsiz işləməsinin bariz örnəyi olduğunu deyən B.Quliyev qeyd etdi ki, həm ictimaiyyət, həm də beynəlxalq aləmdə əməkdaşlıq etdiyimiz dövlətlər bunu yaxından müşahidə edirlər. “Eyni zamanda da bu gün çağırışlar, tələblər fərqlidir. Cənab Prezident özü fasiləsiz işləyir və demək olar ki, onun istirahət günü olmur. Prezident vəzifələrə təyin etdiyi məmurları, icra başçılarını qəbul edərkən fasiləsiz iş qrafiki, 24 saat işləmək məsuliyyəti həmin məmurların üzərinə düşür. Bunu xüsusi qeyd etmək lazımdır ki, hər bir məmur 24 saat işdə olmalıdır. Çünki cənab Prezidentin özünə qarşı bu cür tələbkarlıqla yanaşmasından məmurlar nümunə götürməlidirlər. Ölkədə daha çox işin görülməsinə ehtiyac olduğunu cənab Prezident özü deyirsə, məmur da ölkə başçısının tapşırıqlarına ciddi şəkildə əməl etməli və günün tələbləri ilə ayaqlaşmalıdır. İcra hakimiyyəti başçıları yerlərdə camaata xidmət etməyə borcludurlar. Hesab edirəm ki, hər hansı bir məmur vəzifəyə təyin edilərkən onun üzərinə fasiləsiz işləmək məsuliyyəti qoyulur. Elə məmur var özü işini yaxşı bacarır, eləsi də var ki, bacarmır, bu da ictimaiyyətin və Prezidentin diqqətindən yayınmır. İşi bacarmayan, məsuliyyətini dərk etməyənlər vəzifədən azad edilir. Hər bir məmur 24 saat işinin başında olmalıdır, lakin bəziləri öz işlərinə məsuliyyətsiz yanaşır, belələrini də cənab Prezident işdən azad edir. Hər bir məmur cənab Prezidentdən nümunə götürməli, fasiləsiz iş qrafikinə keçməli və cəmiyyətə, dövlətə daha çox fayda verməlidir. Özü də cənab Prezident vəzifəyə təyin etdiyi məmurlara ictimaiyyətin gözü qarşısında tapşırıqlar verir. Məmurlar da çalışmalıdırlar ki, camaatla, ictimaiyyətlə daha çox işləsinlər, onların problem və qayğılarının həll olunmasında ölkə başçısına kömək olsunlar” - deyə B.Quliyev qeyd etdi.
İradə SARIYEVA